İncəsənət
İncəsənət

Müslüm Maqomayev Ulyanovskda anıldı

Müslüm Maqomayev Ulyanovskda anıldı

Rusiyanın Ulyanovsk şəhərində Azərbaycanın əfsanəvi sənətkarı, dünyaşöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə təntənəli yaradıcılıq gecəsi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən OLAY-a bildirilib ki, “Qubernatorski” Mədəniyyət Sarayında baş tutan tədbir “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” (URAMMM) ictimai təşkilatının təşəbbüsü və vilayətin İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilib.

Tədbirdə vilayət administrasiyasının, hökumətin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konsert “Derjava” Ulyanovsk dövlət nəfəsli alətlər orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin səsləndirilməsi ilə başlayıb. Sonra “Bolşoy Teatr”ın və Perm Akademik Opera və Balet Teatrının solisti Konstantin Suçkovun və digər müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib. Konsert zamanı səhnədəki iri monitorda Müslüm Maqomayevin həyat və yaradıcılığını, Azərbaycandakı mədəniyyət hadisələrini, azad olunmuş torpaqlarımızda Azərbaycanın Dövlət Bayrağının dalğalandırılmasını əks etdirən fotolar nümayiş etdirilib.

Konserti orkestrin bədii rəhbəri və baş dirijoru Kiril İlyin idarə edib.