Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Sənət cameasında da müəllim kimi fəaliyyət göstərən, yeni nəsil aktyorlar, xanəndələr və müğənnilər yetişdirən tanınmışlar az deyil.
OLAY bu münasibətlə onlardan bir neçəsi ilə əlaqə saxlayıb, həm təbrik edib, həm də təəssüratlarını öyrənib.
Azərbaycanın və Özbəkistanın Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının baş müəllimi Gülyanaq Məmmədova deyib ki, hər zaman uğurlu tələbələri ilə fəxr edir:
“Üzərimdə əziyyəti olan müəllimlərin, ustadların qarşısında baş əyirəm. Ömür boyu onlara borclu və minnətdaram. Müəllimin nə qədər əməyinin, əziyyətinin olduğunu anlamaya bilmərik. Hər birimiz Azərbyacan müəlliminə sevgi, hörmət dolu günlər arzulayırıq. Müəllim olandan sonra anladım ki, insan öndə olan tələbələri ilə fəxr edir. Ustadımda bunu görürdüm. Uğurlarımıza sevinirdi. İndi bunları özüm yaşayıram. Başa düşürəm ki, həm çətin, həm də qürurverici peşədir. Müəllim adından hörmət sevgi, dostluq, savad, əxlaq kimi anlayşılar dayanır. Müəllim elə bir nümunə olmalıdır ki, bütün bunları sənətlə yanaşı, tələbəyə aşılaya bilsin”.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Bakı Humanitar Kollecin müəllimi, Xalq artisi Gülyanaq Məmmədova bu günlə bağlı təssüratlarını bölüşüb:
“Bütün müəllimləri təbrik edirəm. Bizim peşəkar müəllimlərimiz çoxdur. Tələbəyə elm öyrətmək, onları bilikli etmək böyük məsuliyyət və qürurdur. Müəllim həm də ikinci valideyndir. Mən 1996-cı ildən müəlliməm. Şagird olduğum vaxtlarda da müəllimlərimə həmişə sayğı duymuşam. Onlara böyük insan kimi baxmışam, sanki göydən düşən bir mələk kimi görmüşəm. Bir məsuliyyət olub ki, dərslərimi oxumalıyam, məktəbə vaxtında getməliyəm. Bizim regionlarımızda da gözəl müəllimlərimiz var.
Hiss edirəm ki, gənclərimiz dərslərinə yaxşı hazırlaşırlar. Elə bizim ailəmizdə də uşaqlar dərslərini oxuyurlar. Müəllim qarşısında utanmamaq, kəsilməmək üçün çalışırlar. Öz dərslərinə hörmətlə yanaşırlar. Bunda da müəllimin rolu böyükdür. Mən də musiqi sahəsində müəlliməm, tələbələrimə mahnılar öyrədirəm. Bütün həmkarlarımı təbrik edirəm”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin Estrada kafedrasının baş müəllimi Əməkdar artist Nüşabə Ələsgərli tələbələrinin onu təbrik etdiyini söyləyib:
“Mən də ürəkdən bütün müəllimləri təbrik edirəm. Hər birinə uğurlar, sağlam can və işlərində müvəfəqqiyyətlər arzulayıram. Hər birinə dedikdə bəzi dırnaqarası müəllimlərə şamil etmirəm. Müəllim cəmiyyətin güzgüsüdür. Onun tərbiyələndirdiyi uşaqlar cəmiyyətə təhvil verilir. Onların toplumdakı vəziyyəti də müəllimin məhsuludur. Tələbələrim məni təbrik ediblər. Mən də çalışdığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniveristetinin rektoru Ceyran Mahmudova başda olmaqla bütün kollektivimizi təbrik edirəm”.