İncəsənət
İncəsənət

Yeni teatr mövsümündə növbəti tamaşa

Yeni teatr mövsümündə növbəti tamaşa

Sentyabrın 22-də yeni teatr mövsümündə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılacaq.

Teatrın mətbuat xidmətindən OLAY-a bildirib ki, dahi Nizami Gəncəvinin poemasının motivləri əsasında yazılmış bu səhnə əsəri Azərbaycan balet sənətinin incilərindən sayılır və hər nümayişində geniş tamaşaçı auditoriyası toplayır. Bəstəkar Qara Qarayev “Yeddi gözəl” baletini Azərbaycanın böyük şairi Nizami Gəncəvinin 800 illik yubileyinə həsr edib. Baletin ilk tamaşası 1952-ci il noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. 1978-ci ildə Q.Qarayevin 60 illiyi münasibətilə "Yeddi gözəl" baletmeysterlər R.Axundova və M.Məmmədov tərəfindən yeni versiyada səhnəyə qoyulub. Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış ediblər. Balet, həmçinin Türkiyə, Rusiya və s. ölkələrdə müvəffəqiyyətlə səhnəyə qoyulub. Qara Qarayevin baleti Nizaminin ədəbi qaynağında olduğu kimi, əxlaqi-fəlsəfi mahiyyət daşıyır.

2008-ci ildə “Yeddi gözəl” baleti dahi bəstəkarın 90 illiyi münasibətilə tamamilə yeni quruluşda səhnələşdirilib. Tamaşanın quruluşunu beynəlmiləl yaradıcı heyət həyata keçirib. Libretto müəllifi Yana Temiz, quruluşçu baletmeysteri Vasili Medvedev, quruluşçu rəssamı Dmitri Çerbadjidir.

Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, həmçinin Anar Mikayılov, Timur Oduşev, Edvard Arazov, Samirə Səmədova, Elmira Süleymanova, Failya Bolqarova, Leyla Nərimanidze, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri ifa edirlər.

Tamaşaya Xalq artisti, professor Cavanşir Cəfərov dirijorluq edir.