Dünyanın böyük opera səhnələrindən biri olan “Mariinski” teatrında SSR xalq artisti Fikrət Əmirovun “1001 gecə” baleti nümayiş olunub.
OLAY yazır ki, tamaşanın tarixi özəlliyi baletin iştirakçı heyətinin dünyanın 4 müxtəlif teatrının üzvlərindən ibarət olmasıdır. Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin idarəsi ilə Mariinski Teatrının simfonik orkestri və xoru təqdim edib.
“1001 gecə” baletinin yeni quruluşunda əsas rolları Renata Şakirova və Nikita Korneyev (Mariinski Teatrı), Seso İvanov və Marqarita Petkova (Sofiya Opera Teatrı), Sergey Umanets, Saki Nisida, Gilyermo Junio, Liliya Berejnova, Yerlan Suyunbek, eləcə də Mariinski teatrının Primorski səhnəsinin digər ulduzları ifa ediblər. Baletin quruluşçu baletmeysteri tanınmış xoreoqraf, Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyev, libretto müəllifləri Rüstəm və Maqsud İbrahimbəyovlar, quruluşçu rəssam Petr Okunev, işıq üzrə rəssam Sergey Martınov, videodizayner Vadim Dulenkodur.