Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi fevralın 9-dan 13-dək 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasında səfərdə olub.
OLAY yazır ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi festivallarda dəfələrlə Azərbaycanı layiqincə təmsil edən Akademik Musiqili Teatrın yaradıcı heyəti bu dəfə də uğurlu çıxışları ilə yadda qalıb.
Fevralın 11-də Tehran Şəhər Teatr Kompleksində rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda hazırlanan “Bir nəfəs qədər” tamaşası nümayiş olunub.
Nüfuzlu beynəlxalq tədbirin tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan tamaşadan öncə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə qonaqları salamlayıb, səhnə əsəri barədə onlara dolğun məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən, şəhidlərimizin şücaətindən, müqəddəs şəhid analarının dastanlara sığmayan qəhrəmanlığından danışıb. Səfir tamaşanın qəhrəman şəhidlərimizə ithaf olunduğunu vurğulayıb və onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Qeyd olunub ki, Azərbaycanın sənət adamlarının İrana qastrol səfərinə gəlməsi və beynəlxalq “Fəcr” Teatr Festivalında çıxış etməsi xalqlarımızın mədəni əlaqələrinə verilən böyük töhfədir.
Musiqili Teatrının yaradıcı heyətinin üzvlərini: Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Samir Qulamov, Səmədzadə Xasiyev, Əli Kərimov və Qabil Gözəlovu sürəkli alqışlarla qarşılayan tamaşaçılar onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar.
Festival çərçivəsində fevralın 12-də Akademik Musiqili Teatrın digər səhnə əsəri – dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşa da təqdim olunub.
Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovun özünəməxsus ifası istər münsiflər heyətinin üzvləri, istərsə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, festivalda nümayiş olunan hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.