Bu gün Xalq artisti Röya Ayxanın 40 yaşı tamam olur.
OLAY pop ulduzunun tərcümeyi-halını oxuculara təqdim edir:
Röya Ayxan 1982-ci il iyunun 14-də doğulub. O, Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin “W-trio” qrupunda solistlərdən biri kimi səhnəyə gəlib.
Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında “Bu gecə” adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda “Darıxmışam” adlı solo konsert verib.
2006-cı il sentyabrın 15-də Şəfa stadionunda və nəhayət sentyabrın 22-də Milli Parkda səhnəyə çıxıb.
2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı simpatiyası” nominasiyası üzrə laureat olub. Röyanın işıq üzü görən kliplərindən “Röyan Olum”, “Söylə”, “Darıxmışam”, “Qatar”, “Bilərsənmi”, “Qovuşmaz yolumuz”, “Gəl Danış”, “Cücə”, “Nazlı”, “Aldatma”, “Sənə görə” və s. misal çəkmək olar.
Röya Ayxan 2010-cu ildə Azərbaycanın bir çox şəhərlərində, o cümlədən cəbhə bölgəsinin bir sıra rayon və qəsəbələrində “Doğma Diyar” adlı konsert proqramı ilə çıxışlar edib.
Pop ulduz 2012-ci ilin sonunda söz və musiqisi məşhur türk ifaçısı Soner Sarıkabadayıya məxsus olan “Göndər” adlı mahnısı ilə Türkiyədə tanınmağa başlayıb. O, ard-arda sözügedən ölkədə layihələrə imza atıb.
Həmçinin o, Fransada “Taksi” filminin qəhrəmanı Sami Naseri ilə klip çəkdirib. Estrada müğənnisi iki dəfə Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatına layiq görülüb.
Miri Yusif, Rauf, Zamiq Hüseynov, Elşad Xose, “Dəyirman”, “Şeron”, Emil Bədəlov, Samirə Allahverdi kimi parlaq simalarla duetləri isə uğur qazanıb.
Röya “İstanbul tətili”, “Yanmış körpülər”, “Məhəllə”, “Aktrisa” filmlərində də rol alıb.
2008–2014-cü illərdə Anar Çingiz oğlu Cəlilovla ailəli olub. Onların bu nikahdan Hüseyn adlı bir oğlu var.
Röya Ayxan 30 dekabr 2015-ci ildə Azərbaycanın Əməkdar artisti, 2019-cu ildə Xalq artisti fəxri adına layiq görülüb.
OLAY Xalq artistini doğum günü münasibəti ilə təbrik edir, səhnə fəaliyyətində uğurlar diləyir!