İncəsənət
İncəsənət

“Məqsədimə nail oldum” - Tənqidlərə cavab verdi

“Məqsədimə nail oldum” - Tənqidlərə cavab verdi

Gənc aktyor Elmin Bədəlovun Bakıda “Yay pozaları” adlı performansı qalmaqala səbəb olub. 

OLAY yazır ki, bir neçə gündür o, sosial şəbəkələrdə istifadəçilər tərəfindən linçə məruz qalıb. Hətta, aktyorlar Elcan Rəsulov və Kamran Ağabalayev Bədəlovun ünvanına tənqidi şərh yazıblar.  

“Performansdır, sənətdir, nədir! Bilmirəm, amma nəyə qulluq edir, nəyi  təbliğ edir?  İnsanlara nə çatdırır? Mən anlamadım”,- deyə Kamran qeyd edib.  

Elcan isə “Biz hara inteqrasiya edirik? Mənə belə Avropa lazım deyil. Yaşasın ənənəvi cəmiyyət! Böyük-kiçik gözləyənlər, qadınları qoruyan kişilər”, instaqramda yazaraq instaqramda mövzu barədə şərh verib. 

Elmin Bədəlov sosial şəbəkədə geniş status paylaşaraq mövzu barədə açıqlama verib. Aktyor istəyinə nail olduğunu bildirib:

“Cəmiyyətdə polemika yaratdığım üçün məqsədimə nail olduğumu düşünürəm. Bizim küçələrimiz fərqli və rəngli olmalıdır. Cəmiyyətin özünü realizəsi, yeniliklərin ortaya çıxması üçün polemikaların yaranması faydalıdır, söhbət performansın məqsədindən gedirsə. Mənasına gəldikdə isə bu barədə detallı danışmaq performansı qısıtlamaq deməkdir. Ümumi desəm, Bakıya, binalara, küçələrə performerin fonunda insanların baxmasını istəyirdim.

Müsbət və mənfi baxışlar var idi. Əlbətdə ki, bunlar məni narahat etmir. İstədiyim məkanı öz səhnəmə çevirmək mənim üçün birinci hədəfdir, polisin, insanların nə düşünməsindən asılı olmayaraq. Necə ki, müstəqil teatrların yaranmasında, artmasında rol oynamışdımsa, eləcə də küçə incəsənətinin çoxalmasında rol oynayıram. Onların hansı keyfiyyətdə olmasına isə sonra da baxmaq olar. Əsas doğuşlardı, sonra dekonstruksiyalar təbii formada öz həllini tapacaq. Ən əsası odur ki, incəsənət üçün illərdir ki, istədiyim effektlərə, nəticələrə nail oluram. İki il qabaq küçədəki mərmərlərdən özümüzə baxmaqdan başqa çarəmiz yox idi.

Teatrlara gəldikdə isə Azərbaycanda teatr yoxdur, binaları var. Teatrların binaları onların göstərdiyi tamaşalardan daha maraqlı və baxımlıdır. Ona görə bu teatrların mənim fəaliyyətim haqqında nə düşünmələri, hansı fikir yürütmələri mənə qəti maraqlı deyil.

İnsanlar teatra getmir. Küçə onlara yenidən çatmaq üçün ən yaxşı üsullardan biridir. Odur ki, küçə incəsənəti təkan rolunu da oynayır”.