İncəsənət
İncəsənət

“Şükriyyə” Gəncədə nümayiş olunub

“Şükriyyə” Gəncədə nümayiş olunub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların  regionlara təşkil olunan qastrol səfərləri davam edir. 

OLAY yazır ki, məqsəd bölgələrdə mədəni həyatın fəallaşdırılması, əhalinin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabrın 14-də yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşanı Gəncə Dövlət Milli Dram Teatrında nümayiş etdirib.

Yeni yaradıcılıq işində əməkdar artist Münəvvər Əliyeva, xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti Əli Nur, əməkdar artistlər Mehriban Xanlarova, Vəfa Rzayeva, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, əməkdar artist Şəlalə Şahvələdqızı, aktrisa Dilarə Nəzərova, aktyor Rüstəm Rüstəmov, aktrisalar Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov çıxış ediblər.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına göndərilib.

Səhnə əsəri Gəncə tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.