Xalq artisti Röya Ayxan vahid məktəbli forması ilə bağlı aparılan müzakirələrə qoşulub.
OLAY yazır ki, estrada ulduzu səhifəsində məktəbdən paylaşdığı videoya açıqlama yazaraq vahid məktəbli formasını dəstəklədiyini bildirib:
“Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərqli davranmamağı aşılamışam. Əminəm ki, çox valideynlər də övladlarını bu yöndə yetişdirməyə çalışır. Nəticədə biz bu Vətənin övladıyıq. Gələcəyə bir ana, bir əsgər yetişdiririk. Həyatımızdakı bütün çətinliklərə rəğmən onların gələcəyini parlaq, işıqlı görmək istəyirik. İllərlə basqı altında böyüyən neçə-neçə valideynlər var ki, bu gün travma saydıqları keçmişdən qurtulmaq istəyirlər. Ancaq biz bunları yaşayıb nəticə çıxarmışıqsa, onları zorla istəmədikləri bir işə alət etməyimiz düzgün deyil. Qoy övladlarımız rahat böyüsün, gələcəyini seçmə şansı olsun. Bundan gözəl nə var? Təbii ki, valideyn kimi hər zaman onları yanlış yoldan döndərməli, onları təhsilə, elmə, biliyə yönləndirməliyik. Qoy, bütün balalarımız savadlı olsun, istədiyi peşəyə yönəlsin, Vətəninə, dövlətinə yararlı insan olsun. Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz. Necə ki, zamanında sərhədlərin bağlı qalmasına etiraz edirdiniz, halbuki o bağlı sərhədlər qonşuluğumuzdakı müharibələrin bizə sıçramasının qarşısını aldı. Əziz həmkarlarım, bu məsələdə heç birimiz susmamalı, azərbaycanlı mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik. Heç bir linç kampaniyasına, kənar müdaxilələrə baxmamalıyıq, bilməliyik ki, dövlətimizin mövqeyini müdafiə edirik və onun yanındayıq! Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim! Hörmətlə, Xalq artisti Röya Ayxan!”.