Festivalın sonuncu günü – oktyabrın 5-də Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib.
OLAY yazır ki, Özbəkistan Respublikasının Əməkdar artisti Malika İskandarovanın quruluş verdiyi tamaşanın rəssamı Yevgeniya Biserovadır. Tamaşada rolları Bahodir Əhmədov, Naufal Süleymanov, Əsgər Hikmətov, Fayzulla Əsgərov və Bəxtiyar Turgunov ifa ediblər.
Özbək xalqının adət-ənənələrinin şıltaqlıq, yumor və coşqu ilə təqdim olunduğu tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tamaşanın nümayişindən sonra festivalın simvolu Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova tərəfindən quruluşçu rejissor Malika İskandarovaya təqdim edilib.
Daha sonra Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Zülfiyyə Xamrayevaya Təşəkkürnamə təqdim edib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tərəfindən festivalın qonaq teatrlarına - Nartay Bekejanov adına Kızılorda Vilayəti Qazax Akademik Musiqili Dram Teatrı, Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı, Ərdəbil Moqan Honar teatrlarının yaradıcı heyətinə “Qızıl Pərdə” mükafatı təqdim edilib. İlham Əsgərov çıxış edərək V Şəki Beynəlxalq Teatr Festivalının əhəmiyyətindən danışıb, festivalın Azərbaycan teatr sənətinin inkişafında oynadığı mühüm rolu qeyd edib.
Festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimli festivalın mətbuatda və televiziya kanallarında geniş və peşəkar şəkildə işıqlandırılmasına görə media nümayəndələrini təltif edib.
Beləliklə, beş gün davam edən V Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb. Festival çərçivəsində Qazaxıstan, Özbəkistan, İran və Azərbaycanın teatr kollektivləri Şəkidə müxtəlif tamaşalarla çıxış ediblər.
Festival teatr sənətinin müxtəlif nümunələrini bir araya gətirməklə yanaşı, ölkələr arasında mədəni əlaqələrin və yaradıcılıq əməkdaşlığının inkişafına da töhfə verib.