Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 18-də Şuşada başlanan Vaqif Poeziya Günləri açılış mərasimindən sonra rəngarəng tədbirlərlə davam edir.
OLAY yazır ki, həmin gün Xurşidbanu Natəvanın evinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr olunan “Füzuli hücrələri” adlı teatral kompozisiya təqdim edilib.
Füzulinin əsərləri əsasında hazırlanan kompozisiyadan əvvəl çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzulinin yaradıcılığı haqqında söz açıb. Mütəfəkkir şairin anadilli poeziyanın inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib.
Kompozisiya barədə danışan İlqar Fəhmi söyləyib ki, bədii-musiqili nümunədə Məhəmməd Füzulinin "Bəngü-badə", "Leyli və Məcnun", "Səhhət və Mərəz", "Rindü Zahid" və s. əsərlərindən istifadə olunub.
Tamaşaçıların böyük marağına səbəb olan kompozisiyanın ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Kompozisiyada Şuşa Dövlət Musiqili Dram, Dövlət Pantomima, Dövlət Yuğ Teatrından Əməkdar artistlər Nazir Rüstəmov, Azad Şükürov, Bəhruz Vaqifoğlu, Teymur Məmmədov, Qasım Nağı, həmçinin Orxan Abışov, Püstəxanım Zeynalova, Jalə Novruz, Zəhra Salayeva, Sürahi Əliməmmədova, Nurlan Rüstəmov, Cavad Nuriyev, Elnur İsmayılov, Nihat Heybətovla yanaşı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də iştirak ediblər.