27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir.
OLAY yazır ki, iyunun 27-də forumun təntənəli açılış mərasimi olub. Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Tacikistan Prezidentinin köməkçisi Abdullo Rahmonzoda, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şövkat Mirziyoyev maqom sənətinin tarixi və əhəmiyyəti haqqında danışıb: “Qədim tariximizin, zəngin mədəniyyətimizin və ilkin dəyərlərimizin rəmzi olan, dərin fəlsəfəsi, özünəməxsus bədii texnikası, yaradıcılıq ənənələri ilə maqom sənəti mənəvi həyatımızda mühüm yer tutur. Maqom ümumbəşəri dəyərləri ən ülvi notlarla tərənnüm edən unikal sənət növü kimi qiymətlidir. Maqom müsəlman Şərqində sürətlə inkişaf etmiş, Birinci və İkinci İntibah dövründə zirvəsinə çatmışdır. Əbu Nəsr Fərabi özünün “Böyük musiqi kitabı”nda ud alətindən istifadə etməklə musiqinin nəzəri və praktiki cəhətlərini qeyd etmişdir. Əbu Reyhan əl-Biruni, İbn Sina, Əlişir Nəvai, Zəhirəddin Məhəmməd Babur kimi böyük alimlər nadir musiqi əsərləri yaratmış, maqomun inkişafına böyük töhfə vermişlər. XX əsrdə bu ənənələr sənətşünaslar Abdurauf Fitrət, Yunus Rəcəbi, xanəndələr Xojixon Boltayev, Komiljon Otaniyazov, Turqun Əlimətov, Fəttoxxon Məmədəliyev və başqaları tərəfindən layiqincə davam etdirilmişdir”.
Özbəkistan Prezidenti görkəmli dövlət xadimi Şərəf Rəşidovun maqom sənətinin qorunub saxlanmasında mühüm xidmətləri olduğunu bildirib. Deyib ki, maqom sənətinin elmi tədqiqi və beynəlxalq aləmdə təbliğinin başlanğıcı Daşkənd Dövlət Konservatoriyasında qoyulub, maqom ansamblı yaradılıb. “Şaşmaqom”un ölməz şedevrləri notlara yazılaraq altı cilddə çap olunub. Klassik musiqi sənətinin incisi olan Özbəkistanın unikal maqomları UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu gün maqom sənəti Özbəkistanın hər yerində, təhsilin bütün pillələrində davamlı olaraq öyrənilir. Daşkənddə maqom mərkəzi tikilir. Bu sənətə həsr olunan müsabiqələr təşkil olunur.
Şavkat Mirziyoyev çıxışının sonunda ömrünü belə şərəfli və məsuliyyətli işə həsr etmiş sənət adamlarına bütün özbək xalqı adından minnətdarlığını bildirib. “Forum, şübhəsiz ki, sənəti ürəkdən sevən, xeyirxahlıq və humanizm idealları ətrafında cəmləşən yaradıcı insanlar üçün böyük bayramdır. Qoy maqom həmişə bütün dünya sənətsevərləri üçün tükənməz güc və ilham mənbəyi kimi xidmət etsin!” – deyə dövlət başçısı vurğulayıb.
Mərasimdə daha sonra UNESCO Baş Konfransının 42-ci Sessiyasının prezidenti Simone Mikulesku və ICESCO-nun baş direktoru Salim Məhəmməd əl-Malikin də çıxışları dinlənilib.
Çıxışlardan sonra geniş konsert proqramı təqdim olunub. Konsertdə ayrı-ayrı kollektivlər bir-birindən maraqlı musiqi və rəqs nömrələri ifa edib, kompozisiyalar nümayiş etdiriblər. Bütün ifalar alqışlarla qarşılanıb.
Bildirək ki, 80-dən çox ölkədən 400-ə yaxın qonağın iştirakı ilə gerçəkləşən forumun keçirildiyi “Zaminsay” kompleksi bayramsayağı bəzədilib. Burada geniş ərazidə Özbəkistan xalqının zəngin mədəniyyətini, möhtəşəm tətbiqi sənətini nümayiş etdirən sərgilər təşkil olunub.
Forum çərçivəsində iyunun 28–29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
28-29 iyun tarixlərində həmçinin forum çərçivəsində maqom ifaçılığı müsabiqəsi təşkil olunacaq. Müsabiqədə ölkəmizi gənc xanəndələr Nisbət Sədrayeva və Səfalı Mirzəliyev təmsil edir. Onları Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Siyavuş Fərhadov (nağara) müşayiət edəcək.
Müsabiqə iştirakçılarını Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan musiqi xadimlərinin yer aldığı münsiflər heyəti qiymətləndirəcək. “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyalarının qalibləri forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunacaqlar.
İyunun 30-da forumun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.
Xatırladaq ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunmuş və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanmışdı.