İncəsənət
İncəsənət

“Antiqona” növbəti dəfə nümayiş olunacaq

“Antiqona” növbəti dəfə nümayiş olunacaq

İyunun 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun “Antiqona” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə göstəriləcək.

OLAY yazır ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Telman Şıxıyev, bəstəkarı Röya Hüseynovadır. Səhnə əsərinin plastik həlli isə Ceyhun Dadaşova aiddir.

Tamaşada rolları Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanlı, Ümman Budaqov canlandırıb.

Müəllifin 1943-cü ildə, II Dünya müharibəsinin qızğın çağında qələmə aldığı və indiyədək bir çox ölkələrdə tamaşaya qoyulan “Antiqona”nın mövzusu antik ədəbiyyatdan gəlsə də, bütün dövrlərlə səsləşən əsərdir.

Çar Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidirlər. Etokl hökmranlıq müddətini başa vurur, amma hakimiyyəti qardaşı Polinika verməkdən imtina edir. Polinik öz tərəfdarlarını yığıb qiyam qaldırır. Hər iki qardaş döyüşdə həlak olur. Əmiləri Kreon çar elan olunur. Kreon Etoklı təntənə ilə dəfn etdirsə də, qiyamçı Polinikin cəsədini qurd-quşa yem olması üçün şəhər meydanının ortasına atır. Onu dəfn etməyə cəhd edən isə ölümə məhkum olunacaq. Bu cəhdi Polinikin kiçik bacısı Antiqona həyata keçirmək istəyir. O, keşikçilər tərəfindən tutularaq Kreonun yanına gətirilir. Kreon onu seçim qarşısında qoyur: ya ölümü qəbul etmək, ya da bu niyyətdən daşınıb sağ qalmaq.

Antiqona qardaşını dəfn etməklə ölümü seçir. O, seçimi ilə azadlığını bəyan edir. Müəllif bu əsərində dünyanın Antiqona kimi insanlara görə var olmasını vurğulayır.