İncəsənət
İncəsənət

Tacikistan Mədəniyyəti Günlərinin açılışı olub

Tacikistan Mədəniyyəti Günlərinin açılışı olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilir.

OLAY yazır ki, mayın 20-də Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub.

Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimlərindən ibarət sərgi ilə tanış olublar.

Açılış mərasimində qonaqları salamlayan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsinin sənətsevərlər üçün əlamətdar hadisə olduğunu qeyd edib. Bildirib ki, tarixi köklərə əsaslanan Azərbaycan-Tacikistan əməkdaşlığı dövlət başçılarımızın dostluğu və müntəzəm qarşılıqlı səfərləri ilə ildən-ilə genişlənir: “Bu dostluq münasibəti mədəni əlaqələrin də inkişafına öz töhfəsini verir. Görkəmli mədəniyyət xadimlərinə həsr olunan layihələr, həmçinin kitab dövriyyəsi, ədəbiyyat mübadiləsi həyata keçirilir. Tacikistanda dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəvini çox sevirlər. Dahi şairin əsərləri tədris proqramlarına daxil edilir. Görkəmli Azərbaycan heykəltaraşları  Fuad Əbdürrəhmanov, Ömər Eldarov və digərlərinin əl işlərini Tacikistanın paytaxtı Düşənbə şəhərində görmək mümkündür. Bu gün UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında Azərbaycan və Tacikistanın birgə təqdimatı ilə nominasiya faylları yer alır. Bu da bəzi mədəni sərvətlərimizin müştərək qorunması deməkdir”.

Nazir bildirib ki, Tacikistan Mədəniyyəti Günləri paytaxt Bakı ilə yanaşı, Gəncə şəhərində də təşkil olunacaq: “Bu da daha geniş kütlənin Tacikistanın zəngin mədəniyyəti ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, mədəniyyət günləri çərçivəsində təqdim olunacaq zəngin proqram mədəni əməkdaşlığımızın dərinləşməsinə və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək”.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Tacikistan Respublikasının mədəniyyət naziri Matlubakhon Sattorıyen iki ölkənin dövlət rəhbərlərinin dəstəyi və himayədarlığı ilə möhtəşəm bir mədəni mübadilənin şahidi olduqlarını deyib. Vurğulanıb ki, ölkələrimiz arasında diplomatik əlaqələrin əsası qoyulandan bütün sahələrdə eyni səviyyəli əməkdaşlıq həyata keçirilir: “Tacikistan və Azərbaycan son illərdə intensiv mədəni əməkdaşlıq edirlər. Mədəni mübadilənin dinamikası əlaqələrin yüksək səviyyədə inkişafının göstəricisidir. Mədəni əlaqələrimizin dərin kökləri var. Tacikistanda böyük Nizaminin “Xəmsə”si hər zaman aktualdır. Tacik xalqı Azərbaycanın mədəniyyətini və incəsənətini həmişə yüksək dəyərləndirib. Yüzilliklər ərzində Azərbaycan xalqı öz zəngin mədəniyyətini yaradıb və qoruya bilib. Mədəniyyət günləri xalqlarımızın mədəni mübadiləsinə xidmət edir və əlaqələrimizin inkişafına dəyərli töhfə verir”.

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının qala-konserti təqdim olunub.

Konsertdə Tacikistan Xalq artistləri Mirəli Dostizoda, Rüstəm Dulloyev, Raxmatullo Hoşimov, Əməkdar artistlər Sitorai Karomatullo, Davlat Nəzriyev, Güləsal Pulodova, Məhəmmədrafi Karomatullo, Fotimai Məşrabın, Fəxriddini Malikin, Nigina Amonkulova, Haknazar Alovatov, eləcə də Qaffar Vəlamatzadə adına Dövlət Əməkdar Rəqs Ansamblı, “Lola”, “Zebo” və “Parastu”,“Gülrez”, “Cahonoro”, “Bazmoro” rəqs ansamblları və başqaları çıxış ediblər.

Proqramda "Sevdiyim diyar” (sözlər – Gülruxsora, musiqi – Xalq artisti Mirəli Dostizoda), “Bu gözəl gözlər” (Məhəmmədsobir Abduazim, Xalq hafizi İsmayıl Nəzriyev), “Tacikistan, Azərbaycan” (Nizom Kosim, Firuz Rəcəbov), "Sevgim" (Nurullohi Orif və İslam Qulomi, Şoxin Abdullo), “Dostluğun nuru” (Hafiz Şirazi, Əmir Xosrov Dəhləvi və Fəxriddini İroki, Xalq artisti Raxmatullo Hoşimov) və digər mahnılar ifa olunub. 

Tacikistan sənətçilərinin təqdim etdiyi musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılanıb.

Konsert proqramında Azərbaycan musiqilərinə də yer ayrılıb. Tacik ifaçıların səsləndirdiyi "Ayrılıq olmayaydı" və "Sevgili canan" mahnıları böyük coşqu ilə alqışlanıb.

Qeyd edək ki, ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri mayın 23-də başa çatacaq.