Mayın 17-də Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi və kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşasına baxıb.
OLAY yazır ki, tamaşanın nümayişindən əvvəl çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazıçının əsərlərində qaldırdığı problemlərin bütün bəriyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Çingiz Aytmatovun qüdrətli yazıçı olduğunu söyləyən akademik qeyd edib: “Onun əsərlərindən mənsub olduğu xalqın ətri duyulur. Çingiz Aytmatov Qırğız ellərinin özünəmxsusluğunu bütün dünya dillərinə tərcümə olunan əsərləri vasitəsilə çatdırıb. Türk oğlunun dünya ədəbiyyatının zirvələrində dayanması Azərbaycan xalqı üçün böyük şərəfdir. O, həmçinin ədəbiyyatımıza dərindən bələd olan mütəfəkkirdir. Tamaşada yaddaşını könüllü itirib, manqurta çevrilənlər, genetik kodunun hansı torpağa aid edilməsini anlamayanlar və onlara qarşı mübarizə aparan Yedigey obrazı təsvir olunub. “Əsrə bərabər gün” kimi çoxplanlı əsərin səhnəyə çıxarılması rejissor və aktyorlardan böyük istedad, böyük təcrübə, böyük məharət tələb edir. Dünyamız üçün, Azərbaycan üçün, milli oyanış və tərəqqidə olan xalqların hər biri üçün əhəmiyyətli olan bu çətin, çoxsüjetli əsərin səhnəyə çıxarılması Azərbaycan incəsənətində, mədəniyyətində, teatr sənətində özünəməxsus fərqli üslubu olan, bənzərsiz yanaşmaları olan hörmətli Mehriban xanım Ələkbərzadənin riski, cəsarəti və Azərbaycan səhnəsinə xidmətdir. Bu tamaşa Azərbaycan teatrının inkişafında yeni mərhələdir. “Əsrə bərabər gün” teatr mədəniyyətini də, aktyor işini də, rejissor sənətini də, rəssam və musiqi işini də XXI əsrin idealları səviyyəsində düşünməyə çağıran əsərdir. Tamaşanın yaradıcı kollektivini təbrik edir, uğurlar arzu edirəm”.
Qeyd edək ki, səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.