Aprelin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.
OLAY yazır ki, tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində təqdim edilən Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış olublar.
Mədəniyyət naziri Adil Kərimli qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir:
“Dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişafına münbit zəmin yaradıb. Dövlət başçılarımızın bu gün Bakıda keçirilən görüşləri və görüş zamanı müxtəlif sahələr imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafına öz töhfəsini verəcək”.
Nazir deyib ki, Azərbaycan xalqı görkəmli qırğız yazıçısı Çingiz Aytmatova böyük ehtiramla yanaşıb. Bu gün dövlət başçılarımızın iştirakı ilə Bakı şəhərində Çingiz Aytmatovun abidəsinin açılışının keçirilməsi iki ölkə arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin parlaq təzahürüdür.
“Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinə hazırlıq görülür. İnanıram ki, bu tədbirlər iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlıqda yeni səhifələrin açılmasına şərait yaradacaq”, - deyə nazir bildirib.
Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov çıxışında mədəniyyətin bizə ata-babalarımızdan miras qaldığını deyib, onun gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib: “Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək. Qırğız və Azərbaycan mədəni əlaqələrinin mövcud vəziyyəti əməkdaşlığın gələcəyinə optimist baxmağa əsas verir. Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycanın, həm də Qırğızıstanın geniş imkanları var. İnanıram ki, bu əməkdaşlıq bizi daha da yaxın edəcək. Sonda bir daha səmimi qarşılanmaya, yüksək qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümü bildirirəm”.
Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub.
Konsertdə Qırğızıstanın Xalq artisti Azamat Bolqonbayev, Əməkdar artistlər Samat Koçorbayev, Elnurə Muktarbekqızı, Gülzinət Surançiyeva, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının artistləri Atabek Sadırkulov və Dayana Kıdırəliyeva, həmçinin “Muras” Folklor-Etnoqrafik Ansamblı, Nurdin Tuqolov adına “Ak-Maral” Dövlət Rəqs Ansamblı, Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasının Çoro Kojomjarov adına Estrada-Simfonik Orkestri və başqaları çıxış ediblər.
Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
Qeyd edək ki, ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri aprelin 26-da başa çatacaq.