İncəsənət
İncəsənət

“Dovşanın ad günü” təqdim edildi

“Dovşanın ad günü” təqdim edildi

27 mart – Dünya Teatr Günü ilə bağlı növbəti tədbir Azərbaycan Dövlət Kukla Teatrında baş tutub.

OLAY yazır ki, belə ki, martın 27-də teatrın sosial-mədəni layihələri çərçivəsində növbəti xeyriyyə aksiyası baş tutdu. 200-nəfərə yaxın əlilliyi olan uşaq və yeniyetmələr əvvəlcə sənət ocağının son premyerası - “Dovşanın ad günü” tamaşasına baxdılar. Ardınca balacalara hədiyyələr təqdim olundu.

Qeyd edək ki, bu tamaşa uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən “Dovşanın ad günü” nağıl-poeması əsasında ərsəyə gəlib.

Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Əsər əsas ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibat ilə, dolğun musiqi həlli ilə təqdim edilir. Tamaşada hadisələr bir meşədə təsvir olunur. Belə ki,   Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dövşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olurlar və bir-birinə kömək edirlər. Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib belə qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Beləcə dostluq və dürüstlük, qorxmazlıq və birlik qalib gəlir.

Anşlaqla keçən nümayiş balacalar tərəfindən maraqla qarşılandı. Sonra çıxış edən X. Əlibəylinin qızı, professor Gülər Abdullabəyli, UAFA (Azərbaycana Birgə Yardım) Valideyn Birliyinin koordinatoru Zəhra Xələfova çıxış edərək tədbir təşkilatçılarına və tamaşanın yaradıcı heyətinə təşəkkür etdilər. Belə layihələrin uşaq və yeniyetmələrdə, xüsusən həssas qruplardan olan azyaşlılarda uşaq ədəbiyyatı və teatrına maraq oyatdığını bildirdilər.