Bu gün Xalq artisti Yalçın Rzazadə aramızda olmasa da, ifaları tamaşaçıların qəlbində yaşayır. Onun özünəməxsus ifa tərzi həqiqi sənətkar olduğunun göstəricisidir. Yalçın Rzazadə bir çox görkəmli bəstəkarın mahnılarının ilk və mahir ifaçısı olub. Cahangir Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Eldar Mansurov kimi bəstəkarlar onun üçün mahnılar bəstələyib. Kino xəzinəmizdən “Qayınana”, “Dədə Qorqud”, “Baladadaşın ilk məhəbbəti”, “Gün keçdi” kimi filmlərə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
OLAY yazır ki, bu gün Azərbaycan musiqi sənətinin ən parlaq nümayəndələrindən biri olan Yalçın Rzazadənin anım günüdür.
Yalçın İmran oğlu Rzazadə 1946-cı il dekabrın 31-də Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı onu 1963-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) gətirir və 1967-ci ildə həmin institutun Aktyorluq fakültəsini bitirir. 1968-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Vokal şöbəsinə daxil olur və 1973-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur.
Hələ Konservatoriyanın tələbəsi ikən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək fəaliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət alır.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun ötən əsrin 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
Böyük Simfonik və Estrada-Simfonik orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, “Dan Ulduzu” İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada-Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı onu müşayiət ediblər. Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bundan sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alıb. Amma çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir.
Yalçın Rzazadə 1979-cu ildə “Əməkdar artist”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Bununla yanaşı, 2 dəfə karate üzrə çempion olub.
Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal və pop musiqi kafedrasının müdiri idi.
Yalçın Rzazadə 2021-ci il fevralın 22-də 74 yaşında vəfat edib.