İncəsənət
İncəsənət

Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub

Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub

Fevralın 6-da Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib.

OLAY yazır ki, Baba Vəziroğlu Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb. 

Mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb. Qeyd edilib ki, şair çağdaş poeziyamızda öz dəstxəti ilə seçilir. Onun şeirlərinə çoxsaylı mahnılar bəstələnib və tanınmış müğənnilər tərəfindən ifa olunur. 

Ölkəmizdə ədəbiyyat və mədəniyyət xadimlərinə dövlət qayğısından danışan nazir bildirib ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bu sahələrin inkişafını diqqətdə saxlayıb, yaradıcı insanlardan öz dəstəyini əsirgəməyib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib.