“Gülüstan” Sarayında keçirilən Mədəni İrs Forumu dekabrın 18-də açılış mərasimindən sonra işini panel sessiyalarla davam etdirib.
OLAY yazır ki, “Təsviri sənət və müasir çağırışlar” adlı ilk panel “Yeni Qallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, sənətşünas Rafael Gülməmmədovun moderatorluğu ilə gerçəkləşib.
Təsviri sənət sahəsində təhsil mövzusunda danışan Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev bu istiqamətdə görülən işlər, universitet olaraq tələbə rəssamlara yaratdıqları şərait, müştərək sərgi və müsabiqələr barədə məlumat verib. Deyib ki, uşaqlara kiçik yaşlarından, hətta uşaq bağçasından təsviri sənətlə bağlı bilgilər verilməlidir. Sonrakı mərhələlərdə bu zəncirin qırılmamasına diqqət yetirilməlidir. Rektor rəssamlıq təhsilində magistratura pilləsində müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb: “Son illər rəssamlıq sənətinə qızların daha çox gəliri və daha çox interyer-dizayn ixtisasını seçirlər. Təəssüf ki, klassik ixtisaslara maraq azalır. Buna görə də
klassik ixtisaslara maraq artırmaq üçün təbliğat xarakterli işlər aparırıq”.
Xalq rəssamı, heykəltaraş Hüseyn Haqverdi çıxışında müasir şəhərsalmada rəssam işinin, demək olar ki, nəzərə çarpmadığını qeyd edib. Bildirib ki, paytaxt və bölgələrdə vaxtilə hazırlanmış mozaik əsərlər diqqətdən kənarda qalıb, bir çoxu isə baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzədir. İnteryer və eksteryerdə mozaik panno və tablolara diqqət artırılmalıdır.
Xalq rəssamı Eldar Mikayılzadə ənənəvi sənətin müasir dildə ifadəsi məsələsinə toxunub. Heydər Əliyev Fondu tərəfindən çap olunan "İlmələrin rəqsi" kitabından danışan rəssam bu layihənin xalça sənətimizin, xalça məktəblərimizin dünyada təbliği baxımından önəmini qeyd edib. Deyib ki, İrəvan xalça məktəbi sahəsində apardığı tədqiqatlar üzrə daha bir nəşr ərsəyə gələcək.
Rəssam Anar Hüseynzadə rəqəmsal incəsənətlə bağlı fikirlərini bölüşüb. O, Qarabağ səfərlərinin rəssam kimi fəaliyyətlərində maraqlı bir iz qoyduğunu diqqətə çatdırıb. A.Hüseynzadə həmçinin rəssam əməyinin kapitala çevrilməsi üçün təhsildə marketinq üzrə ixtisasların açılmasının zəruriliyini qeyd edib.
Çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.