Dekabrın 11-də Mədəniyyət Nazirliyində türkiyəli tanınmış kinorejissor və ssenarist Semih Kaplanoğlu ilə görüş təşkil olunub.
OLAY yazır ki, görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu iştirak ediblər.
Söhbət zamanı ARKA-nın təşkil etdiyi film layihələri müsabiqəsinin nəticələri, müsabiqədə müstəqil Seçim komissiyası təcrübəsinin tətbiqi və Türkiyə ilə kino sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Semih Kaplanoğlunun rəhbərliyi ilə həyata keçirilən ssenari inkişaf proqramının əhəmiyyəti vurğulanıb, müsabiqə zamanı təkmilləşdirilməsi məqsədilə bu proqrama yönləndirilmiş ssenarilər üzərində iş prosesindən bəhs olunub.
Qeyd edək ki, Semih Kaplanoğlu daha çox “Bal”, “Süd” və “Yumurta” filmlərindən ibarət “Yusif” trilogiyası ilə tanınır. Bu ekran əsərləri bir sıra beynəlxalq festivallarda mükafata layiq görülüb.