Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstan mədəniyyət günlərinin açılış mərasimi baş tutdu. Mədəniyyət günləri çərçivəsində “HaSSak” etno-folklor ansamblının konserti təqdim olundu.
OLAY yazır ki, açılış mərasimində diplomatik korpusun nümayəndələri, mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, nazirliyin İncəsənət şöbəsinin müdiri Sevil Kərimova da iştirak edirdi.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel iki ölkə arasındakı ortaq mədəniyyətlərdən danışdı. Bildirdi ki, türksoylu xalq olaraq Azərbaycan və Qazaxıstanı ortaq mədəniyyətlər birləşdirir: "Mədəniyyət günləri çərçivəsində 4 dekabradək Azərbaycanda "Qaragöz" tamaşası, qazax rəssamların sərgisi və incəsənət ustalarının iştirakı ilə qala-gecə təqdim olunacaq. Qarşınızda çıxış edəcək etno-folklor ansamblı milli mədəniyyətimizin özəlliklərini sizlərə təqdim edəcək."
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov iki ölkə arasında qurulan əlaqələrin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf etdiyini diqqətə çatdırdı. Xalqlarımız arasında mədəni əlaqələrin inkişafının vacibliyini vurğuladı.
Çıxışlardan sonra “HaSSak” etno-folklor ansamblının konserti təqdim edildi. 5 üzvdən ibarət kollektiv qazax milli musiqi alətlərində yüksək peşəkarlıq nümayiş etdirərək, tədbir iştirakçılarının könlünü oxşadı. 30 milli alətdə ifa edən ansambl eyni zamanda milli kukla teatrı ənənələrindən nümunə də nümayiş etdirdi. Konsert tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılandı.
Qeyd edək ki, ansambl 2013-cü ildə yaradılıb və ötən illər ərzində xalq musiqisi sahəsində bir çox nüfuzlu dünya mükafatına layiq görülüb. Ansambl “Etnik musiqi” nominasiyası üzrə “World Folk Vision” Beynəlxalq Müsabiqəsinin Qran-Pri qalibi, “Central Asia Talent” Beynəlxalq İstedad Müsabiqəsinin “Qızıl düymə” mükafatının sahibidir.