“Vətəni sevmək imandandır” deyirlər. Bir də deyirlər ki, “Xoşbəxt o adamdır ki, həyatını bir amala, bir niyyətə bağlayır”. Məncə də, yurduna, torpağına canıyla bağlı, ömrünü xalqının səadətinə, ölkəsinin rifahına, millətinin uğurlu imzasına həsr edənlər dünyanın ən bəxtəvər insanlarıdır. Məhz bu səbəbdən də belə şəxsiyyətlərin adı qəlblərdə, ismi vətən adamlarının dilindədir.
Bu mənada Azərbaycan prezidenti, bu gün 60 yaşını tamamlayan dəyərli ölkə başçımız cənab İlham Əliyev tanıdığım ən xoşbəxt insandır.
Çünki onun Azərbaycan sevgisi, liderlik məharəti və zəka gücü xalqının, millətinin işıqlı sabahının ən böyük uğuru, əmin qarantıdır. Cünki 30 illik muradına çatdırdığı bu xalq da ona sadiq, əzminə, gücünə inamlıdır.
Onun bir siyasətçi, bir dövlət adamı kimi atdığı addımlar, balanslaşdırılmış, ağıllı, düşünülmüş siyasi manevrləri, qətiyyətli mövqeyi ölkəmizi dünya arenasında ləyaqətli təmsilçiliyi hər kəs üçün qürur, fəxarətdir.
Həm hərbdə, həm diplomatiyadakı cəsarəti bir nümunə, bir qalibiyyət örnəyidir.
Onun gerçək və bacarıqlı lider olduğunu biz Azərbaycanın haqq savaşı - İkinci Qarabağ müharibəsi zamanı bir daha gördük. Bu mənada xalq onun sözünü deyən, onun üçün mücadilə aparan rəhbərinin ətrafında sıx çəmləşdiyi məqamda bunu daha yaxşı dərk elədi.
Qorxmadan, inam və qətiyyətlə hədəfə addımlaması, qüsursuz mücadiləsi, canayaxın, xalqa açıq olması onu zəfər sərkərdəsi kimi könüllərdə ucaltdı. Azərbaycan onun üçün haqq savaşına qalxan oğlunu bağrına basdı.
Bu günsə o, işğalçılıqla amansız mübarizədə qalib, uğurlu hərbi liderliklə yanaşı, əzəli torpaqlarımızı yenidən cənnətə çevirməyə çalışan, tariximizi, mədəniyyətimizi, iqtisadiyyatımızı canlandırmaq üçün var-gücünü səfərbər edən bir qurucu kimi yenə öndədir.
Ən yaxın silahdaşı, Azərbaycanın nəcib, xeyirxah qızı Mehriban Əliyevanın arzuladığı "Qoy Uca Tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin" arzusunun real olması üçün o yurd yerlərində rahat, təhlükəsiz yaşayışın təmin olunmasına çalışır.
Bu şərəfli, müqəddəs və ali görəvinizdə heç yorulmayasınız, cənab Prezident!
Qəlbinizdəki Vətən sevginiz, bizi qürurlandıran Azərbaycan eşqiniz və üzümüzü hər zaman ağ edən uğurlu siyasətiniz üçün Sizə təşəkkür edirəm!
Bu özəl gündə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayıram.
Doğum gününüz mübarək!
“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva