Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu keçirilib.
OLAY yazır ki, forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Şəfiqə Məmmədova, eləcə də respublikanın tanınmış kino xadimləri, rejissor və aktyorları və digər incəsənət nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən A. Kərimli forum iştirakçılarını salamlayıb, diqqətə çatdırıb ki, zəngin ənənələrə sahib olan Azərbaycan kinosuna həsr edilən forum ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilir.
Daha sonra Ş. Məmmədova “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda çıxış edib. 2023-cü ilin kinomuz üçün əlamətdar olduğunu deyən aktrisa forumun ulu öndərin 100 illik yubileyinə həsr olunmasından məmnunluğunu dilə gətirib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev kino sahəsində mütəxəssislərin yetişdirilməsi, rejissor və ssenarist nəslinin təhsilinə diqqətdən söz açıb. O, ümumbəşəri mövzularda da filmlərin çəkilməsinin vacibliyini diqqətə çatdırıb.
Xalq artisti, rejissor Oktay Mirqasım kino sahəsində universal və əbədi dəyərlərin qorunmasının əhəmiyyətini qeyd edib. Kinoteatrlarda nümayiş olunan filmlərin milli xüsusiyyətlərə uyğunsuzluğundan danışan rejissor milli dəyərlərə cavab verməyən filmlərin nümayişini ciddi narahatlıq doğurduğunu bildirib.
Çıxışlarda sonra Azərbaycan kino tarixini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra kinoforum panel sessiyalarla öz işini davam etdirib.