Əməkdar elm xadimi, mərhum yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin təqdimat tarixi dəqiqləşib.
OLAY yazır ki, çəkilişləri iki il öncə bitən ekran işi 9 dekabr tarixində tamaşaçıların ixtiyarına veriləcək.
Filmdə işində tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən bəhs edilir.
Sujet xəttinə görə tərəflər nakam sevgidən qaçmağa çalışsa da, müxtəlif zaman kəsiyində və şəraitində yenidən görüşməli olurlar. Uzun illərin fasiləsinə baxmayaraq onlar hər dəfə üz-üzə gəlir və yenidən ayrılırlar. Lakin həyat hekayələrinin sonuncu görüşü çox unudulmaz və gözlənilməz olur.
Filmdə baş rolları Əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıb.
Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir. filmdə aktyorların gənclik və yaşlılıq dönəmi üçün seçilən obrazların hazırlanmasında xarici ölkədən dəvət olunmuş qrim ustaları çalışıb.
Qeyd edək ki, Gülzar Qurbanova filmdə həm 25, həm də 50 yaşındakı görüntüsü ilə qarşımıza çıxacaq. Üstəlik, bunun üçün heç bir kosmetik və plastik müdaxilə olmayıb. Bundan başqa, aktrisa film üçün saçlarını narıncı rəngə boyatdırmışdı.
Onu da bildirək ki, “Caspian Media Group”un hazırladığı “Nazik mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru İrəm Laçındır.