Əməkdar artist Bəhram Bağırzadə Fikrət Əmirovun 100 illiyi münasibətilə keçirilən yubiley gecəsini tənqid edib.
OLAY yazır ki, bu haqda aktyor feysbuk hesabında paylaşım edib.
Yubileydə iştirak edən Bağırzadə məyus olduğunu vurğulayıb:
“Bu, ötən əsrdə, hətta ötən minillikdə baş verib. 1984-cü il... Musiqisi ürəyimə çox yaxın və əziz olan Azərbaycanın və bütün dünyanın dahi bəstəkarı Fikrət Əmirov dünyasını dəyişəndə 12 yaşım vardı. Bütün Bakı öz sevimli bəstəkarı ilə vidalaşırdı. O vaxt çox gənc olsam da, 189 saylı məktəbin şagirdləri və müəllimlərimizlə Fikrət Əmirovu son mənzilə yola salırdım... Yarım əsrə yaxın vaxt keçib. Və bu gün, yeni minillikdə mən, artıq 50 yaşlı insan dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim...
Bu gün Fikrət Əmirovun 100 illik yubileyində baş verənləri musiqi adlandıra bilmərəm... Çünki biz Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi musiqi titanlarının çiynində böyümüşük və gözəl şeylər öyrənmişik. Bağışla bizi, Fikrət müəllim. Biz sizi yarı yolda qoyduq...”.
Qeyd edək ki, tədbir ötən gün Heydər Əliyev Sarayında baş tutub.