Türkiyədə serialların bir bölümünün çəkiliş xərci artıq 25 milyon TL-ni (860 min manat) ötür.
OLAY yazır ki, xüsusilə baş rol aktyorlarının bölüm başına milyonlarla lirə qazandığı iddiaları televiziya dünyasında yüksək büdcələrlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mətbuatda yayılan təxminlərə görə, “Taşacak Bu Deniz” serialının aktyorlarından Ulaş Tuna Astepenin bölüm başına 700 min – 1 milyon TL (24-34 min manat), Deniz Baysalın isə 600 min – 900 min TL (20-30 min manat) qazandığı iddia olunur. Ava Yamanın 400 min – 600 min TL (13-20 min manat), Burak Yörükün isə 400 min – 500 min TL (13-18 min manat) arasında qonorar aldığı bildirilir.
“Altı Üstü İstanbul” serialı da aktyor heyəti və bölüm başına qazanc iddiaları ilə diqqət çəkir. Mətbuatda yer alan təxminlərə əsasən, Feyyaz Dumanın 700 min – 1 milyon TL (24-34 min manat), Nehir Erdoğanın 600 min – 900 min TL (20-30 min manat), İlker Aksumun 450 min – 700 min TL (14-22 min manat), Rahimcan Kapkapın 500 min – 750 min TL (18-28 min manat), Yüsra Geyikin isə 400 min – 600 min TL (13-20 min manat) qazandığı iddia edilir.
Lakin bu məbləğlər rəsmi şəkildə təsdiqlənməyib. Aktyorların faktiki gəlirlərinin prodüser şirkətləri ilə bağladıqları fərdi müqavilələrdən asılı olaraq dəyişə biləcəyi qeyd olunur.
“Tuzlu Kahve” serialının aktrisalarından Yasemin Ergenenin hər bölüm üçün 2 milyon TL (69 min manat) qazanacağı barədə iddia isə şou-biznes aləmində geniş rezonans doğurub.