Pərviz Hüseyn yazır...
Hər bir insanın dünyadan vaxtsız gedişi bizi yenidən həyatı sorğulamağa sövq edir.
Biz niyə yaşayırıq? Necə yaşayırıq? Necə yaşamalıyıq ki, gözəl xatırlanaq?
Bu gün itirdiyimiz aktyor Azər Baxşəliyevin simasında bütün bunlar yenidən aydın oldu. Azər haqda hələ bir nəfərin də bəd xatirəsi yoxdur.
Hamı onu yaxşı insan kimi tanıyır, onunla xatirələrini fotolara, videolara tökdüyü anları paylaşır...
Nə gözəldir gözəl xatırlanmaq, sevilmək, insanların rəğbətinin olması, düzdü, son nəticədə bütün bunlar cismani və ruhani ömrünü uzatmasa da, əbədi qalmağına təkan verir.
Bu, insanlara Azərin simasında yaxşı insan olmaq üçün, faydalı olmaq üçün bir mesajdır. Ancaq təəssüf ki, hər adam bu mesajı anlaya bilmir...
İnsanlar günlərdir möcüzə gözləyirdilər, lakin bu baş vermədi... Azər dünyasını dəyişdi...
Böyrək çatışmazlığı ilə apardığı uzun və yorucu mübarizə onun nə qədər güclü olduğunu bizə göstərdi. Hər kəsi güldürməyi bacaran Azər içindəki ağrıları kamera arxasında gizlətməyi bacardı. Həyatın ona gətirdiyi sınaqlara rəğmən, gücünü itirmədi və mübarizəsini davam etdirdi.
Onun həyatından öyrənəcəyimiz çox şey var: inadkarlıq, sevgi, əzm və insanlara sevinc bəxş etməyin əvəzolunmaz gücü.
Son günlər sosial mediada yazılan bir cümlə var: “Ağsaqqal”ı oynadı, amma özü ağsaqqal ola bilmədi. Mən bunun belə olduğunu düşünmürəm. Dostlarının, ətrafının fikirləri əslində onun ağsaqqal olduğunu təsdiqləyir: düşüncələri, davranışı, ləyaqəti, insanlara olan münasibəti ilə...
Müsahibələrinə baxıram. Danışdıqları, fikirləri hamısı ərdəm olmuş bir adamın sözləridir. Zaman ağsaqqallıq mövzusunda onun üçün sürətli axsa da, gənc idi...
Bu vida sözləri yalnız kədər deyil, həm də minnətdarlıq doludur. Minnətdarlıq ona görə ki, Azər kimi insanlar həyatı daha yaşanılabilir edir.
Dostların üçün sənin itkini anlamaq çətindir, qəbul etmək daha çətindir. Amma sənin kimi insanlar üçün “vida” deyə bir söz yoxdur. Sən hər zaman bizimlə qalacaqsan – qəlblərimizdə, yaddaşımızda, gülüşlərimizdə.
İndi sənin üçün susqun bir səmaya baxırıq, amma əminik ki, sən oradasan – buludların arxasında, ulduzların işığında, gülüşlərin əbədi çağlayan səsində. Hər zaman bizimlə olacaqsan, Azər. İşıq içində yat... Yaratdığın hər təbəssüm üçün, gətirdiyin hər sevinc üçün sənə sonsuz minnətdarıq.