Arı
Arı

Röya Ayxan adlı gerçək!

Röya Ayxan adlı gerçək!

Samirə Ərəblinskaya yazır...

İldə 6 günlük konsert, albom, mahnılar, kliplər.... Azərbaycanda bütün bunları bir ilə sığdıran neçə ulduz var? 

Biz 2023-ə nəzər salanda yalnız onu görürük - Xalq artisti Röya Ayxana 2023-cü ilin ən çalışqan ulduzu demək olar!

Çünki o, bu il də ənənəsinə sadiq qaldı. Yeniləndi, işığını qorumaq üçün daha çox çalışdı, sevənləri üçün yeni layihələr, yeni mahnılar, çəkilişlər etməyə davam etdi.

Parlaq işıq sütunlarının arasında bərq vurdu, dumanlı gecələrdə musiqisi ilə beynimizə, fikrimizə aydınlıq gətirdi.

Dijitalın olmadığı zamanlardan ta bu günədək daim axtarışda oldu.

O, artıq iddialı mahnıları, klipləri, layihələri və konsertləri ilə yanaşı sosial mediadakı paylaşımlarıyla da fərqlənir.

Yenilənən və qloballaşan dünyada avropasayağı paylaşımlar edən Röya Ayxanı hər dəfə bir imicdə görürük!

İlin əvvəlinə göz gəzdirsək, orada bizi tamamilə başqa Röya salamlayır. Üç günlük “Dəli kimi” konserti türklər demiş, “əsl dəli işi” idi. Bakı Konqres Mərkəzinin bütün vacib imkanlarından geninə-boluna istifadə etdiyini düşünürdük ki, sentyabrda digər üç gün baş tutan konsertdə bunun üç qat artığını gördük.

Ranar Musayevlə iş birliyi - saysız kostyumlar, səhnə dekorasiyası, Azərbaycana ilk dəfə gələn robot, göydən səhnəyə enmələr, fərqli xoreoqrafiyalar, klip kimi gecələr və işin sonunda bütün bu əziyyətlərin fonunda yalnız bir ulduz var idi - Röya!

10 mindən çox insanın qarşısına çıxan pop ulduzun müxtəlif məkanlardakı konsertləri də aşıb-daşdı.

O, əbəs yerə özünə “söz müğənnisi” demir. Bu il də deməyə çox sözü var idi. Öncə Cinlə “Bəzən” dedi, sonra “14/41” albomunu təqdim etdi.

Bu albomun təqdimatı isə günlər öncədən hər kəsin hazırlaşdığı bəyaz bir gecə idi. Özünə geyim axtaran kim, dərzilərin qulağını yağır edən kim, bu tədbirdə yer almaq üçün dəridən-qabıqdan çıxan kim…

Onun gecəsində dostları, fanatları, media nümayəndələri, məşhurlar, sosial medianın ulduz simaları yer almışdı. Gecə o qədər səs-küylü olmuşdu ki, səhərə artıq albomda yer alan “Xəstəsiyəm” mahnısı hit idi.

Onun ifası illər sonra Xanım İsmayılqızının da yaradıcılığına bir təravət qatdı.

Albom isə qısa zamanda platformalarda yüksəliş qət etdi. 4 gün sonra “Apple Music”də Azərbaycan üzrə ən çox yüklənən albom ünvanına sahib oldu. 

O aylarda satışa çıxarılmadan bu qədər uğur əldə edən albomun səsi Qırğızıstana da çatdı. Layihə Qırğızıstanın “Apple Music Daily Top 200 Album” çartına 5-ci, Türkiyə çartına isə 193-cü pillədən daxil oldu.

Albomun ikinci real hiti isə “Tez gəl” idi. Klipinin ardınca digər layihə də tez gəldi. “Böyüdüm” adlı klipdən sonra isə xalqın artistini gərgin və məsuliyyətli günlər gözləyirdi.

“Biri var” adlı üçgünlük konsert sosial media trendlərini alt-üst elədi. Tik-Tokun ana səhifəsində yalnız onun videoları yer alırdı.

Bir-birindən fərqli səhnə geyimləri, robortlarla edilən şouları həftələrlə danışıldı.

Xalq artisti noyabrda başqa konsertdə idi - Zəfər günü münasibətilə təşkil olunmuş xeyriyyə tədbirində şəhid və qazi ailələri ilə bir araya gəldi. Bundan başqa, il ərzində həm Füzulidə, həm də Şuşada səhnə aldı.

Daha sonra “14/41” albomuna daxil olan “Şükür edirəm” adlı mahnısını videorolik şəklində təqdim etdi.

Xalq artistinin tək yeni mahnıları yox, həmçinin daha əvvəlki illərdə təqdim etdikləri də yenidən trend oldu.

Boz şəhərin küləkli havası ilə hüznlü vəhdət təşkil edən “Dedilər” mahnısı 23 il sonra yeni aranjimanda təqdim olundu.

İl tamamlanmış növbəti uğuruna imza atan ulduz “Spotify”da birinci oldu. Hamını geridə qoyan Xalq artistinin ifalarını 358 mindən çox “Spotify” istifadəçisi səsləndirdi, 5,3 milyondan çox “stream” aldı, dünyanın 142 ölkəsində dinlənildi.

İldə 6 konsert, ard-arda kliplər, birinciliklər, trendlər, albom, mahnılar, çəkilişlər... Bütün bunlara nəzər yetirəndə əminlikə deyə bilərik ki, Röya Ayxanın yalnız 1 rəqibi var! O da özüdür. Hər dəfə başqalarını yox, özünü keçmək, öz rekordlarını yeniləmək, aylar əvvəlki özündən daha irəli getmək üçün çalışır.

2023-də biz bunun açıq-aydın şahidi olduq. 

Sosial şəbəkələrdə necə yazırlar?

-    Bu ölkədə Röya deyə bir gerçək var!