Arı
Arı

Hikmətlə Səmimi nəyi bölə bilmir?

Hikmətlə Səmimi nəyi bölə bilmir?

Bu şou-biznes elə sahədir ki, bir müddət sonra adamın nəinki üçüncü, hətta könül, beyin gözü də açılır. Söhbətlər, yazılar, davalar sənin gözündə bir şəkil kimi canlanır.

Məsələn, hansısa bir qalmaqaldan söz düşəndə reytinqi xatırlayırsansa, gözünün önündən baxış sayı gəlib, keçirsə, deməli onun içi boşdur. Yəni bu, beyni də, düşüncəsi də boş adamların mübahisəsidir. 

Amma sənə davanın əsl səbəbi, tərəflər arasında gedən müzakirələr, yazdıqları hər status, hətta susqunluqları belə maraqlıdırsa, deməli, onlar həqiqətən də dolu adamlardır. Bu boş-dolu söhbəti də hər nə qədər xoş səslənməsə də, bəzi insanları başqa cür ifadə etmək olmur. Nə isə. 

Səmimi Fərhadla Hikmət Rəhimov da həmin adamlardandır ki, iki ildir davam edən küskünlükləri olduqca diqqət çəkir. Fikirləşirsən ki, onlar nəyi bölüşməyə bilər? İkisi də işində uğurludur, istər ayrı-ayrı layihələrdə, istərsə də, eyni ekran işində kifayət qədər sevilməyi bacarıblar. Hikmət Rəhimovun son zamanlar rol aldığı demək olar hər iş sevilir. İstər film olsun, istərsə də serial. Səmimi Fərhad həm Azərbaycanda uğurlu layihələrdə yer alıb, həm də ölkə xaricində də seriala çəkildi, səsi Rusiyadan gəldi. Bəs soruşmaq ayıb olmasın, siz nəyi bölə bilmədiz? Ya da indiyə qədər niyə susduz? Azər Paşa Nemətov vəfat etməli idi ki, siz ətəyinizdəki daşları tökəsiz? Yox-yox üzr istəyirəm. “Sən” deyəcəkdim. Ona görə yox ki, hörmətsizlik edirəm. Sadəcə... Axı tək açıqlama verən Səmimi Fərhaddır. Daha doğrusu üstüörtülü davanın detallarını yazan odur. Hikmət bəy isə hələ də susur. O, həmkarına instaqramda paylaşdığı video və fotolarla cavab verməyi seçir.

Məsələn, Səmiminin məlum paylaşımından sonra “Özünü sev - sizi anlamamaq qərarına gələn insanlarla mübahisə etməkdən  əl çəkmək deməkdir” sözlərinin yer aldığı postu hekayəsində paylaşıb. 

Ardınca da Axund Azərin “Kimdə nə yoxdursa, ondan çox danışar. Yalançı düzlükdən, xəyanətkar adam da əmanətdarlıqdan” kimi fikirləri səsləndirdiyi videonu izləyiciləriylə bölüşüb.

Amma... Axı sən Hikmət Rəhimovsan, niyə özünü dostuna söz atan 11-ci sinif şagirdi kimi aparırsan? Ediləcək linçləri də gözə alıb, yenicə ölmüş adam haqda ən sərt sözləri yazan, filmi festivaldan çıxarıldığı üçün bir statusla özünü müdafiə etməyi bacaran, efirdə ən cəsarətli açıqlamaları verən aktyorlardan birisən. Bunları da qoyaq bir qırağa. İstər səhnədə, istərsə də ekranda tamaşaçını ələ alan, müasir kinomuzun ən parlaq simalarındansan. Niyə bu davada susursan? Hər mövzuda sözünü əsirgəməyən Hikmət Rəhimov niyə Səmimidən danışmaq istəmir? 

Axı... Yadınıza gəlir, bu iddia OLAY tərəfindən yenicə işıqlandırılanda biz sizinlə əlaqə saxlamışdıq, heç onda danışmayıb, dəstəyi asmışdız. Hətta əsəbiləşmişdiz də. Ondan sonra bu mövzu ilə bağlı yazılmadı.

Hətta sizin çəkilişində mübahisə etdiyiniz serial yayımlandı, viral oldu, yenə əlbəyaxa davanız yada düşmədi. Lakin Azər Paşa Nemətov vəfat etdi, siz ona rəhmət oxumaq istəmədiz, həmin dava edib, polisə verdiyiniz həmkarınız buna qəzəbləndi və birdən-birə bütün detalları açıqlamaq istədi. 

İddia etdi ki, siz onu 250 min manatlıq büdcəsi olan “Əqrəb mövsümü”ndə çəkilməsi üçün aşağı qonorara razı salmısız, sonra rejissor Emil Quliyev bundan xəbər tutanda onun məvacibini artırıb. Amma Səmimi də məsələdən agah olub, hesab soruşanda dava etmisiz, o, bir-iki şillə vurub və nəhayət “xoşbəxt sonluq”... İşə polis qarışıb.

Bir də Səmimi bəyin sözlərinə görə, siz onu öz olduğunuz layihələrdən “burursunuz”. Bu düzdürsə, daim tənqid etdiyiniz yeyintiyə yol verən, ədalətsizlik edən o adamlardan nə fərqiniz qalar ki? 

Səmimi Fərhadın öz sözünə qüvvət, sənətiniz olmasa, bəlkə ikinizi də başa düşərdik. Bir də çıxıb danışsaz, hər iki tərəfin də açıqlamasını dəyərləndirərdik. Lakin belə anlamaq olmur, nə sizi, nə dava səbəbinizi. Mən inana bilmirəm ki, dövrün ən çox axtarılan aktyorlarından olan Hikmət Rəhimov həmkarından faiz tutsun. Başa düşmək çətin gəlir. Hər halda instaqramdakı mənalı statusları paylaşmağın daşını atıb, ətraflı danışsaz, biz də nəsə anlayarıq. Olmasa, elə Səmiminin ittihamları ilə baş-başa qalmağa məcbur olacağıq. Çünki bu iki istedadlı insanın qalmaqalı hərtərəfli maraq yaradır və adam istəyir ki, siz ancaq yazasız, biz də oxuyaq. Bilirik ki, ikiniz də özünüzü ən yaxşı şəkildə təqdim etməyi bacarırsız. Onda belə etməyin, bu sandığın üstündəki tozlu örtünü bir yerdə götürüb, içindəki pambığı birgə tökün. Danışın ki, hər şey aydın olsun...

Sultan