“MTV Azərbaycan” kanalına müğənni Kərim Abbasovun müsahibəsinə görə xəbərdarlıq edilib.
Belə ki, Azərbaycan Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.
OLAY yazır ki, iclasda “MTV” televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə saat 12.00–13.00 arası yayımlanan “MTV maqazin” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.
Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 12.44-də) müsahibə alınan K. Abbasov tərəfindən “Ailəni dağıtdın. Bax, o, kişidir. Yenə gedib ikinci dəfə evlənəcək. Ay qadın yazıq, bəs sən nə edəcəksən? Bax, uşaqla qalacaqsan evin bir küncündə. İkinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdir səni alan? Oturacaqsan evdə tək? Boşananların (qadınlar nəzərdə tutulur - Red), 99 faizi hamısı peşmandır. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı da yoxdu... Nə xanım kimi xanımdı, nə nökər kimi nökərdi” ifadələri səsləndirilib.
Efirdən bu cür ifadələrin səsləndirilməsinə yayımçı tərəfindən imkan yaradılması Azərbaycanda gender bərabərliyi və bu kontekstdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətə kölgə salmaqla yanaşı, cəmiyyətdə baş verən boşanma və ailə dağılması prosesində zərərçəkən tərəf kimi yalnız qadının göstərilməsi, onun “yazıq” simasının yaradılması cinsi ayrıseçkiliyin təbliği hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Muz TV Azərbaycan” peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.