Əməkdar artist Əminə Babayeva mərhum Əməkdar artist Vəfa Fətullayeva ilə mərhum Xalq artisti Fuad Poladovun münasibətindən danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “AStar” layihəsinin V. Fətullayevaya həsr olunan buraxılışında danışıb.
Ə. Babayeva deyib ki, onların bir yerdə olmağına Fətullayevanın anası, mərhum Xalq artisti Hökümə Qurbanova qarşı çıxıb:
“Hökümə xanım buna müdaxilə etmişdi. Fuad əsgərlikdən gəlib onunla görüşmək istəyəndə anası Vəfaya icazə vermədi. Fuad teatrın qapısını sındırırdı ki, Vəfa ilə görüşsün. Bu zaman Hökümə xanım polis çağırmışdı. Baş rejissorumuz Tofiq Kazımov (mərhum Xalq artisti - red.) onu xilas etdi. Amma anası qadağa qoysa da Vəfa Fuadla görüşürdü. Biz qastrollarda bunun şahidi olurduq. Hər yerdə birlikdə idilər. Fuad həqiqətən onu çox sevirdi. Yadımdadır, Vəfanın dəfnində Fuad teatrdan çıxanda bilmirdi haraya getsin, elə bil özünü itirmişdi. Vəfanın xasiyyəti ATAsına bənzəsə də anasını həddindən artıq çox istəyirdi. Hətta şəxsi həyatını da ona qurban vermişdi. Anası nə deyirdi, onu edirdi”.