WOW
WOW

“Adolescence” 71 ölkədə birinci oldu

“Adolescence” 71 ölkədə birinci oldu

Netflix-in tək planla çəkilmiş “Adolescence” serialı platformada yayımlandığı ilk həftədə böyük rezonans doğurdu və cəmi bir neçə gün ərzində 24,3 milyon izlənmə qazanıb.

Bu uğur sayəsində serial 10 – 16 mart həftəsində ingilisdilli məzmunlar arasında birinci yerə yüksəldi. Netflix-ə görə “Adolescence”, 71 ölkədə həftənin ən çox izlənən serialı olub.

Həm izləyicilər, həm də tənqidçilər bu sarsıdıcı dramı tərifləyib, bir çox insan serialı televiziya tarixində önəmli dönüş nöqtələrindən biri kimi dəyərləndirib.

Britaniya istehsalı olan 4 seriyalı serial 13 martda yayımlanıb və həftəsonu boyunca dünya üzrə Netflix-in ən çox izlənən işi oldu.

Serialın mövzusu nədir?

“Adolescence”, gənc bir qızın bıçaqlanaraq öldürülməsindən sonra baş verən hadisələri əks etdirir. Qətlə yetirməkdə ittiham olunan şəxs isə qızın oxuduğu məktəbdən olan 13 yaşlı bir oğlandır.

13 yaşlı şübhəli Ceymi obrazını aktyorluq karyerasına yeni başlayan Oven Kuper canlandırır. Məşhur aktyor Stefen Qraham isə onun atasını oynayır.

Serial sosial medianın və qadınlara qarşı nifrət dolu ritorika ilə tanınan fenomenlərin gənc oğlanlara göstərdiyi dağıdıcı təsiri göz önünə sərir.

Stefen Qraham bu serialı çəkmək qərarını iki fərqli xəbərdən sonra verib – hər iki xəbərdə gənc oğlanların qızları qətlə yetirdiyi hadisələrdən bəhs olunurdu.

BBC-nin “The One Show” proqramında danışan Qraham belə deyib:  

“Cəmiyyətdə nə baş verir ki, belə hadisələr getdikcə daha tez-tez yaşanır? Həqiqətən başa düşməkdə çətinlik çəkdim. Buna görə də bu məsələyə daha yaxından baxmaq və diqqət çəkmək istədim”.