Qışın soyuğundan, ab-havasından yavaş-yavaş qurtulub, mart ayını qarşılmağa hazırlaşırıq. Bu günlərdə qarderobunuzda da yenilik etmək istəyirsiniz?
Elə isə diqqətlə oxuyun.
OLAY sizə bahar və yay aylarının trend rənglərini təqdim edir.
Birincisi şərab qırmızısıdır...
Bu rəng payız və qış aylarının əvəzolunmazıdır. İndi isə baharın ulduzu olmaq üçün gəlir. Şərab qırmızısı paltarlar, pencəklər, nazik parçalı libaslar sizin köməkçiniz olacaq.
Sarı rəngi sevirsiniz? O zaman sizə şad xəbərimiz var. Bu bahar və yayda pastel sarı rəng dəb olacaq. Hər parçaya və materiala uyğunlaşan bu rəng çaları sizə istər gecə, istərsə də gündüz şıq görünüş bəxş edəcək.
Boz çalarları olan mavi rəng də bu sezonun trendlərindəndir. Hətta mavinin bu çaları yay aylarının romantik rənglərindən biridir. Buz mavisi kimi də tanınan bu rənglə zərif bir o qədər də dəbli görünəcəksiniz.
Bu il zeytun yaşılını da tez-tez görəcəksiniz. Daha əsmər dəri və günəşdən rəngi açılmış saçlar, zeytun yaşılı paltarlarınızla taclanacaq. Qüsursuz bir görüntüyə sahib olacaqsınız.
Mavi ilə yaşıl rəngin qarışığı olan turkuaz bu sezon dəbdədir. Baharın əvvəlindən, yayın sonuna qədər sizi müşayiət edəcək. Xüsusilə də ağbəniz xanımlara bu rəng daha çox yaraşır. İstər ətəklərdə, istərsə də pencəklərdə istifadə edə bilərsiniz.
Yaz və yayın əvəzolunmaz rənglərindən biri də çəhrayidir. Həm də enerjili, cazibədar, şən rəngdir. Və bu sezon paltarlarda olduğu qədər, çanta və aksesuarlarda da tez-tez görəcəksiniz.
Qışı yola salın, qarderobunuzu rəngləndirin!