Tanınmış jurnalist və yazıçı Şərfi Ağayarla aparıcı Elçin Əlibəyli arasında mübahisə yaranıb.
OLAY yazır ki, bu barədə Ş. Ağayar Feysbukda paylaşım edib. O, E. Əlibəylinin verilişində şair Qəşəm Nəcəfzadəni qonaq etdiyi buraxılışdan foto paylaşıb. Yazıçı aparıcının onun haqqında danışdığını bildirib:
“Aparıcı Elçin Əlibəyli hər imkan düşdükcə efirdən mənim qeybətimi eləyir. Bəli. Efirdə də qeybət olur. Yalan danışanda... Səməd Vurğun haqqında verilişdə də dönə-dönə dirəşir ki, guya mən “Səməd Vurğun məktəbi pis məktəbdir” demişəm. Harda? Nə vaxt? Ümumiyyətlə, “Pis məktəb” nə deməkdir? Məktəb ya var, ya da yoxdur, bir şey pisdirsə məktəbə çevrilə bilməz, uzağı pis ənənə ola bilər. Yox? Səməd Vurğun haqqında sərt tənqidi fikirlərim olub, yenə də ona münasibətim birmənalı deyil, lakin sənətkarlığını heç vaxt danmamışam, nəinki bugünkü şeirimizin, hətta nəsrimizin və publisistikamızın dili onun dilidir və bu dil çox gözəldir, demişəm... Anar müəllim kimi yaşlandıqca bədxahlarımın sayı artır”.
E. Əlibəyli yazıçının statusunu cavabsız qoymayıb və bu şərhi yazıb:
“Mən səni ağıllı adam sanmışam, yazılarını da izləmişəm. Təxminən 12 il öncə Səməd Vurğun haqqında yazında yadımda belə qalmışdı ki, ondan sonra gələnlər Vurğunun etdiyinin daha pisini para müqabilində edərlər qeyd etmişdin. Yadımda qalan pis əməlin davamçıları Səmədə baxıb, daha pis yetişdi məntiqi idi. İllər keçib, ola bilər yanlış yadda qalıb. Mən səhvimi etiraf etməyi bacarıram. Amma bunu təhqir və ya “malışları”, tənqid quşlarını səfərbər etmədən də demək olar, mən də düzəliş edərəm. Amma unutma ki, imkan düşən kimi səni dəvət də eləmişik, sənə qarşı kampaniya quranda müdafiəni də efirdən qurmuşuq, niyyətim sənə pis olmayıb. Qeybəti və ya özü susub, əlaltılarını qabağa vermək xasiyyətini başqa adam axtar. Mən səni yazıçı və qələm adamı sayıram, atmaca da atmaq niyyətim olmayıb, yadımda qalan fikri səsləndirmişəm. Sənin dəyərini mən çox yaxşı bilirəm, bunu heç unutma! Fikirlərinlə razılaşmasam da onları da istedadla çatdırdığını hər zaman demişəm. Keçmiş olsun, növbəti verilişdə düzgün ifadə etmədiyimi qeyd edəcəyəm”.
Yazıçı məşhur aparıcının şərhinə cavab kimi bu sözləri qeyd edib:
“Heç vaxt kiməsə qarşı kampaniya aparmamışam. O cümlədən də sənə. Bəli, Səməd Vurğunu tənqid etmişəm. Orada söhbət onun siyasi mövqeyindən, tanrının verdiyi istedadı şeytana xərcləməsindən gedib. Mən də səni bir TV mütəxəssisi kimi həmişə yüksək qiymətləndirmişəm və yenə o fikirdəyəm. Şoulaşan efirdəki çətinliklərini də bilirəm. Bəli, çətin məqamlarda bizim yanımızda olmusan. Gənclərə, azad qələm adamlarına əlindən gəldiyi qədər yer də vermisən. Bunu dansam, nankorluq olar. Amma hansısa bir yazını, hansısa bir tənqidi ifrat dərəcədə ciddiyə alıb kampaniya hesab etməyin və bunun üçün efirdən mənə atmacalar atmağın da yaxşı deyil. Demirəm, etmə, et, amma dəqiq olsun. Sən mənim üçün həmişə dəyərli mütəxəssiss olmusan. İrad bildirdiyim məqamların buna təsiri ola bilməz. Olsa da müsbət cəhətdən olar. Bu verilişin də insafən maraqlıdır. Məni isə dürüst görməyə çalış. Onsuz da dəyərsizlərin əhatəsindəyik, dəyərlilər də belə etdisə, işimiz Allaha qalır. tək bu deyil, arada sataşmısınız. Bunlardan incimirəm, düzü, amma mənim tanıdığım Elçin Əlibəyli daha böyükdür. Təkzibə və ya düzəlişə ehtiyac duymuram. Sadəcə status yazdım ki, fikri aydınlaşdırım. Problem qalmadı”.