Dəb
Dəb

Azərbaycanlı model Paris Moda Həftəsində podiuma çıxdı!

Azərbaycanlı model Paris Moda Həftəsində podiuma çıxdı!

Azərbaycanlı model Sirac Bayalizadə Parisə yollanıb. 

OLAY yazır ki, Sirac sözügedən şəhərə “Haute Couture” Moda Həftəsi üçün üz tutub.  O, hər il yanvar və iyul aylarında Parisdə baş tutan, moda dünyasının ən nüfuzlu tədbirlərindən biri hesab edilən nümayişdə yer alıb.

Sirac fransalı məşhur dizayner Frenk Sorbierin dəfiləsində podiuma çıxıb. Teatr janrında keçirilən təqdimatda modelimiz “Barbarian King” obrazına bürünüb.

Qeyd edək ki, tədbirdə moda evləri ən yeni “Haute Couture” kolleksiyalarını təqdim edərək əl işçiliyi və dizaynın zirvəsini nümayiş etdirirlər.

2025-ci ilin Yaz/Yay “Haute Couture” Moda Həftəsi 27 yanvar bazar ertəsi və 30 yanvar cümə axşamı tarixləri arasında baş tutub. 

Tədbir “Schiaparelli”nin sürrealist dizaynları ilə açılıb. Daha sonra “Dior”, “Chanel” və “Armani Privé” kimi məşhur markalar kolleksiyalarını təqdim ediblər. Xüsusilə “Armani” “couture” sahəsindəki 20 illik fəaliyyətini qeyd edib. 

Həftə “Valentino”nun Alessandro Mikele rəhbərliyindəki ilk “couture” kolleksiyası ilə yekunlaşıb.

Paris “Haute Couture” Moda Həftəsi moda dünyasının ən seçilmiş və yaradıcı dizaynlarının nümayiş olunduğu bir platforma olaraq hər mövsüm böyük maraqla gözlənilir və izlənilir.