İctimai TV yeni mövsümlə bağlı icmalını təqdim edib.
Telekanaldan OLAY-a verilən məlumatda bildirilib.
İctimai Televiziyanın yeni həyəcanverici mövsümündə Sizi salamlayırıq. Məqsədimiz müxtəlif yaş kateqoriyalarına aid olan və fərqli zövqlü tamaşaçılarımıza İTV-nin yeni mövsümdə proqram şəbəkəsi barədə məlumat verməkdir. Bir neçə dəqiqə vaxtınızı bizə ayırın, Sizi İTV-nin yeni mövsümdə proqram şəbəkəsinə səyahətə aparmaq istəyirik. Siyasət, iqtisadiyyat, sosial məsələlər, idman, təhsil, uşaqlar və böyüklər üçün əyləncəli, eləcə də intellektual proqramlar – bunların hamısını İTV-nin efirində yeni mövsümdə görəcəksiniz.
Səhər tamaşaçılarımıza “Sabahın xeyir, Azərbaycan!” deyəcəyik. Baş verən ən son hadisələr, siyasət, idman, iqtisadiyyat, faydalı məsləhətlər, səmimi söhbətlər və maraqlı dialoqlar bunların hamısını günə başlarkən, İTV-nin efirində görəcəksiniz. Həftə içi 5 gün səhər saat 7-dən 10-a qədər tez oyananları, eləcə də yatıb qalanları salamlayacağıq.
Sentyabrın 16-dan, yəni yeni mövsümdən “İTV Xəbər” tamaşaçıları Azərbaycanda və dünyada baş verən hadisələr barədə daha operativ məlumatlandırmaq üçün 2 saatdan bir yayımda olacaq. Səhər 10-dan axşam saat 20.00-a qədər biz Sizə baş verən hadisələri operativ və inkişafda nümayiş etdirəcəyik. Bununla da xəbərə nəfəs qədər yaxın olacaqsınız.
Bu mövsüm Sizə həmçinin, yeni layihəmizi - “Xəbərimiz Var” proqramını təqdim edəcəyik. Həftə içi 5 gün saat 12.20-dən 13.50-yə qədər biz Sizə özünüzün də rastlaşdığınız problemləri göstərib, onların həlli yollarından danışacağıq. Ekspert və dövlət qurumlarının nümayəndələri ilə aktual sosial məsələləri canlı efirdə müzakirə edəcəyik. Bu proqram Sizin dövlət qurumlarına açılan birbaşa pəncərəniz olacaq.
Sabaha saxlamadan müzakirəsi tələb olunan problemləri həftə içi hər axşam xəbərlərin ana buraxılışından dərhal sonra saat 21.00-da aparıcılar Vüsalə Məmmədova və Ürfan Məmmədlinin təqdimatında yayımlanacaq “Sabaha Saxlamayaq” tok-şousunda izləyə biləcəksiniz.
“Sabaha Saxlamayaq”dan sonra saat 22.00-da növbəti dayanacağımız gün ərzində baş verən siyasi hadisələr və proseslər olacaq. Murad Hüseynovun təqdimatında yayımlanacaq “Diqqət Mərkəzi” proqramında Azərbaycanın tanınmış politoloqları, millət vəkilləri, ekspertləri siyasi mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Həftənin cümə günü isə “Diqqət Mərkəzi” öz yerini “Aydınlıq” proqramına verəcək. Saat 22.00-da beynəlxalq proseslərə və hadisələrə öz şərh və proqnozlarını tanınmış politoloq Eldar Namazov təqdim edəcək.
Bazar günü saat 20.00-da isə Nigar Sabirqızı “İTV Xəbər Yekun” verilişində həftəyə yekun vuracaq, baş vermis hadisələrə öz yanaşmasını təqdim edəcək. Beləliklə, həftənin 7 günü bizim efirdən siz həm xəbəri, həm də onun şərhini görə biləcəksiniz.
İctimai-siyasi kontentdən çox əyləncəli və intellektual verilişlərə marağı olanlar, bu hissə sizin üçündür. Növbəti dayanacağımız artıq efirimizin ənənəvi hissəsinə çevrilmiş lisenziyalı intellektual verilişlərdir.
Artıq bir neçə ildir ki, “Milyonların şousu”nun aparıcısı Fateh, eləcə də verilişin pərəstişkarları bir şənbə axşamı proqramın əsas mükafatını – 100 min manatı qazanacaq iştirakçını gözləyirlər. Onlar bu mövsüm arzularına çata biləcəklərmi? Yeni mövsümdə şənbə günləri saat 20:30-da “Milyonların Şousu”nu qaçırmasanız, bu suala cavab tapacaqsınız.
Yeni mövsümdə bazar günü yayımlanan “Breyn Rinq” proqramında “Nar” və “Bilik” kubokları ilə yanaşı, Azərbaycan məktəbliləri üçün də xüsusi kubok təqdim olunacaq. Ən bilikli məktəblini isə həmişə olduğu kimi “Əlaçı” proqramında İlahə Şıxlinskaya ilə müəyyən edəcəyik. Odur ki, hər cümə saat 19:00-da İTV-yə övladlarınızla bir yerdə daha yaxın olub, ailəlikcə biliklərinizi yoxlaya bilərsiniz. Bizim üçün çox qürurvericidir ki, “Əlaçı”ya baxmaq artıq Azərbaycanda bir ailə ənənəsinə çevrilib.
Cümə günü bir intellektual proqramla qane olmayan tamaşaçılarımıza isə “Nə? Harada? Nə zaman?” verilişini təqdim edəcəyik. Şənbə günləri həmçinin, televiziya məkanının ən dinamik intellektual şousu olan “61”-i Nərmin Knyazın təqdimatında izləyə biləcəksiniz.
Yorulmamısınızsa, zəngin proqram şəbəkəsinin digər bir bölümünə səyahət edək. Filmlər və seriallar. Səhər “Sabahın Xeyir, Azərbaycan” proqramından sonra əsasən qadın auditoriyasının sevdiyi Türkiyənin “Bahar” serialının yeni bölümləri nümayiş olunacaq. Axşam, xəbərlərin ana buraxılışından əvvəl, Türkiyədə ailə auditoriyası üçün çəkilmiş məşhur “Yürek Çıkmazı” serialının yeni bölümləri təqdim ediləcək. Axşam saat 23.00-da “Diqqət Mərkəzi”ndən dərhal sonra isə tamaşaçılarımıza bütün dünyada kişi auditoriyasına yönəlmiş kimi qəbul edilən məşhur seriallar göstəriləcək. Mövsümə Birləşmiş Ştatların məşhur “Müttəhimlər” serialı ilə start verəcəyik. İl ərzində siz həmçinin, “Harlemin Xaç atası”, “Həbsdən qaçış” kimi məşhur seriallara da baxa biləcəksiniz. Bir sirri də açaq; bu mövsüm “Doktor Xaus” İTV-nin efirində Azərbaycan dilində danışacaq. Amma bu barədə biz sizə vaxtı gələndə ətraflı məlumat verəcəyik. Bu seriallara həftə içi 4 gün baxa biləcəksiniz.
Həftənin sonunda isə sizə yalnız məşhur film platformalarında nümayiş etdirilən film və serialları göstərəcəyik. Xüsusilə, Sony Pictures, BBC, Disney, Universal Pictures və digər peşəkar şirkətlərin istehsalı olan ən baxımlı, yüksək reytinq qazanmış bədii, sənədli filmlər mövsüm ərzində nümayiş olunacaq.
Eyni zamanda, Azərbaycanda istehsal olunan seriallar da təqdim ediləcək. Deyək biləsiniz ki, mövsümə klassika ilə start verəcəyik. Cəfər Cabbarlının ölməz “Almaz” pyesinin motivləri əsasında müasir dövrə adaptasiya formasında çəkilmiş “Vətəndaş A” serialı Sizə təqdim olunacaq. Serialın ssenari müəllifi Asiman Ağa Rövşən, rejissoru Elvin Rüstəmzadə, prodüseri Sevinc Əliyevadır. 12 həftə ərzində Siz 20-ci əsrin əvvəlində Cəfər Cabbarlının toxunduğu problemlərin bu gün də aktual olduğunu görəcəksiniz. Bu serialın premyerasını sentyabrın 21-də “Milyonların Şousu”ndan dərhal sonra gözləyin.
“Vətəndaş A” serialı tamamlandıqdan sonra isə ötən mövsümlərdə Azərbaycan televiziya məkanında səs salmış rejissor Emil Quliyevin “Əqrəb mövsümü” serialının davamını görəcəksiniz. İdeya müəllifi Azər Aydəmir olan bu serial bu dəfə “Əqrəb Mövsümü-2” - “İki dünya bir olsa da…” adı ilə sizə təqdim olunacaq.
Hərbi-vətənpərvərlik mövzusunda hazırladığımız filmlərdən isə “Günəşi görməyənlər” bədii-sənədli film Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından bəhs edəcək. Mövsümün ilk günlərində İTV-nin efirində 2023-cü ildə keçirilmiş antiterror əməliyyatına həsr edilmiş film efirdə olacaq. “Antiterror əməliyyatı” filmində Siz Qarabağdakı separatçıların hərbi birləşmələrinə qarşı həyata keçirilən ildırım sürətli əməliyyatın təfərrüatlarını biləcək, real döyüş kadrlarını görəcəksiniz. İkinci Qarabağ müharibəsinin ildönümündə isə biz Sizə Qarabağ fatehlərinin döyüşlərini, bu müharibənin ayrı-ayrı əməliyyatlarını əks etdirən “Görünməyən Qəhrəmanlar” silsilə filmlərini nümayiş etdirəcəyik. Bu silsilə filmlərdən Siz müharibənin ilk günündən son anına kimi baş verən hadisələri yenidən xatirənizdə canlandıra biləcəksiniz.
İTV Azərbaycan teleməkanında ilk dəfə uşaqlar üçün də serial çəkib. İdeya müəllifi Tural Sevdimalı, rejissoru Rüfət Şahbazov olan “Mən, Lalə, bir də Şerlok Holms” serialını uşaqlar yeni mövsümdə İTV-nin efirində dünyada məşhur olan cizgi filmləri ilə yanaşı izləyə biləcəklər. Uşaqların maraqla və sevərək izlədiyi animasiyalı filmlərdən və cizgi seriallarından isə məşhur Disney, Universal Pictures şirkətlərinin hazırladığı “Marvel's Spider Man” – “Marvelin hörümçək adamı”, “Adventures of Puss in Boots” – “Çəkməli pişiyin sərgüzəştləri”, ”Madaqaskar” və s. efirimizdən izləniləcək. Mehribanlıq, humanistlik və səmimiyyət təbliğ edən bu cür filmlərin məqsədi uşaqların tərbiyəsinə, inkişafına müsbət təsir etməkdir. İTV-nin bilik yarışmalarına verdiyi önəm məlumdur. Hər şənbə günü səhər saatlarında biz 7-11 yaşlı məktəblilərin bilik yarışması olan “Yeddi şüşə” verilişini təqdim edəcəyik.
Virtual səyahətimizdən hələ yorulmamısınızsa, Sizə göstərmək istədiyimiz bir dayanacaq da var. Bu il keçirilən Futbol üzrə Avropa Çempionatından, yay Olimpiya və Paralimpiya oyunlarından sonra idman sevən tamaşaçılarımızın bizdən xüsusi gözləntiləri var. Həftə içi hər gün İdman xəbərləri, həftəlik “Bol İdman” verilişi ilə yanaşı, biz Sizə müxtəlif idman oyunlarından canlı yayımlar təqdim edəcəyik. Və bu yarışlar arasında Futbol üzrə Çempionlar Liqasının da matçları olacaq.
Əyləncəli musiqili verilişlərimizdə isə zəngin musiqi nümunələri təqdim etməklə yanaşı, insanların bədii zövqünü oxşamağa çalışacağıq. Bu baxımdan beynəlxalq lisenziyalı layihələrdən “Səs Azərbaycan” teleşousu xüsusi yer tutur. Milli Musiqi günü və digər bayram günlərində musiqi proqramları ilə yanaşı, məşhur Vyana Filarmoniya Orkestrinin konsert proqramları nümayiş olunacaq. Həmçinin, mövsüm ərzində “Avroviziya-2025” mahnı müsabiqəsinə hazırlıq və müsabiqənin bütün mərhələləri yayımlanacaq.
Yeni mövsümdə Könül Arifqızı ilə birlikdə “Bir mahnının tarixçə”sinə də varacağıq, əfsanəyə çevrilmiş musiqiləri və sənətçilərin mahnılarını “Hər zaman musiqi”də izləyib, onların yaradıcılığını aparıcılar Saleh Bağırov və Nailə İslamzadənin təqdimatında “Ötən günlər”də xatırlayacağıq. Bundan başqa, mövsüm ərzində “Cümə axşamı”, eləcə də Ağa Nadirovun aparıcılıq etdiyi “Camaat nə deyir?” (Family feud) əyləncəli verilişlər davam edəcək. Bir sözlə, kanalda musiqi, əyləncə proqramları da bol olacaq – bütün yaşlara, zövqlərə və cərəyanlara uyğun verilişləri izləyə biləcəksiniz.
Növbəti dayanacağımız tariximizi, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən proqramlarımızdır. Yeni mövsümdə aparıcı Rahib Azəri dünənimizi bu günümüzə gətirən “Yaddaş” proqramını təqdim edəcək. Dini və ümumbəşəri dəyərlərdən isə “Din və cəmiyyət” verilişində danışacağıq. Bundan əlavə, bu mövsüm də Siz İTV-nin efirində Azərbaycanda yaşayan azsaylı xalqların həyatına, adət-ənənələrinə və mədəniyyətinə həsr olunmuş proqramlar və televiziya filmləri görə biləcəksiniz.
Bu mövsüm qəhrəmanlarımızı da unutmayacağıq. “Heç kim unudulmur, heç nə yaddan çıxmır” silsiləsindən verilişlər efirdə olacaq. Xaricdə yaşayan azərbaycanlıların fəaliyyətini isə Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai TV-nin ortaq layihəsi olan, aparıcı Vəsilə Vahidqızının təqdimatında “Vətən uzaqda deyil” verilişində görəcəksiniz. Və əlbəttə ki, həftə içi 5 gün Orxan Fikrətoğlu ölkədə və dünyada baş verən proseslərə öz publisist baxışını “Halbuki” proqramında ortaya qoyacaq.
Azərbaycan xalq musiqisi də diqqətimizdən kənarda qalmayacaq. Həftədə bir dəfə aparıcı Pərvanə Nadirqızı “Ustad dərsi” proqramında muğamın incəliklərindən, Qorxmaz Tofiqoğlu isə “Ozan Məclisi”ndə saz sənətinin sirlərindən danışacaq.
Musiqi deyəndə, əlbəttə ki, səsi ucadan eşidilən İctimai Radiodan danışmaya bilmirik. Səs gələn tərəfə getsəniz, eşidəcəksiz ki, Fateh və Rəvan səhər tezdən “MANPASI” proqramında hansı mövzuları müzakirə edir. Axşam saatlarında aparıcı Tural Sizinlə bir yerdə tıxacsız yollar axtaracaq.
Maraqlı və yeni "COP29" rubrikasında "COP29" tədbirindən əvvəl bilməli olduğumuz ekologiya ilə bağlı termin və anlayışlardan danışılacaq. "İş adamının kitabxanası"nda kitab bloqeri Sərxan Rüstəmov işgüzar və şəxsi inkişafla bağlı oxuduğu kitabların həftəlik təhlilini edəcək. Çoxdan anons edilmiş “Vallar" verilişində isə nadir vallardan yazılmış mahnılar və onların hekayələri bir yerdə təqdim olunacaq. “Yeni peşələr”də isə müasir və çox adamın, bəlkə də, ilk dəfə eşidəcəyi peşələrdən danışılır. “İşgüzar etiket”də iş həyatında yazılan və yazılmayan davranış qaydalarından bəhs ediləcək, sahəsinin peşəkarlarından müsahibələr alınacaq. “Milyarderlər” verilişində isə məşhurlaşmayan milyarderlərdən danışılacaq, onların uğur hekayələri haqqında araşdırma olacaq. Nəhayət, “HR-la CV hazırlamaq” verilişində müxtəlif sahədə çalışan insan resursları üzrə mütəxəsisslərdən müsahibələr alınacaq. Məhz həmin sektor üzrə CV hazırlayarkən nələri bilmək lazımdırsa, o haqda tövsiyələr veriləcək.
Beləliklə, virtual səyahət vasitəsilə bir neçə səhifədə bacardığımız qədər Sizə İTV-nin yeni mövsümündə göstərəcəklərimizdən danışdıq. Əslində göstərəcəyimiz və deyəcəklərimiz daha çoxdur.
Yeni mövsümdə bütün həmkarlarımıza uğurlar, tamaşaçılara isə xoş seyrlər arzu edirik! Bizə sari gəlin, mövsüm