İncəsənət
İncəsənət

"Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi..."

"Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi..."

Martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində işə başlayan “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransın birinci gününə yekun vurulub.

OLAY yazır ki, konfransın son panel iclası "Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac" mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin moderatorluğu ilə gerçəkləşən iclasdan əvvəl nitq söyləyən mədəniyyət nazirinin müavini

Səadət Yusifova Azərbaycanın öz mədəni və təbii irsinin qorunmasına daim önəm verdiyini bildirib. Qeyd edib ki, otuz illik işğal nəticəsində ölkəmizin minlənlə mədəni sərvəti talan edilib. Nazir müavini ümidvar olduğunu bildirib ki, bu konfransda səsləndirilən fikirlər Azərbaycanda və onun hüdudlarından kənarda mədəni irsin qorunmasına əhəmiyyətli təsir göstərəcək.

“Heritage Management Consultants”ın direktoru, mədəni irs üzrə beynəlxalq ekspert Raymond Bondin Azərbaycanın zəngin mədəni irsinin dünya miqyasına çatdırılması yollarından söz açıb.

Tokiyo Universitetinin Muzeyinin direktoru, professor Yoshihiro Nishiaki Azərbaycanın Orta Paleolit dövrünə aid olan mağaralarında aparılan araşdırmalar barədə məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi tədqiqatçısı, elmlər namizədi, dosent Azad Zeynalov Azərbaycanın qədim yaşayış məskəni olan Azıx mağarasının unikallığından bəhs edib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Son Neolit və Kalkolit (Eneolit) Arxeologiyası şöbəsinin tədqiqatçısı Əjdər Babazadə Azığ mağarasında aparılan yeni tədqiqat işləri haqqında çıxış edib.

Tavatəpədə Azərbaycan-İtaliya birgə ekspedisiyasının üzvü, italyan arxeoloqu Nicola Laneri Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan kurqanlardan söz açıb.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin humanitar fakültəsinin Qafqazşünaslıq tədris-elmi İnstitutunun professoru Roman Lolua Qafqaz Albaniyası dövlətinə məxsus əlifba barədə öz tədqiqatlarından danışıb.

Daha sonra çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva rəhbəri olduğu qurum tərəfindən görülən işlər barədə məlumat verib.

Sonda konfransın yekun bəyannaməsi qəbul edilib.