17-18 yanvar tarixlərində Bakı Konqres Mərkəzində məşhur komediya ustası Cem Yılmazın unudulmaz stand-up konserti baş tutub.
OLAY yazır ki, “CMXXIV” adlanan tədbirə sənətçinin azərbaycanlı tamaşaçıları axın edib.
“İticket Production”ın təşkilatçılığı ilə baş tutan gecədə sənətçi unikal üslubu və iti zarafatları ilə zaldakıları güldürüb.
Yumoru ilə yanaşı Azərbaycana olan sevgisi ilə də səmimi çıxışlar edən C. Yılmaz dostluq münasibətinin olduğu müğənni İradə İbrahimovanın repertuarına üz tutub. O, illər əvvəl “Ali baba ve 7 cüceler” filmində Zafer Algözlə səsləndirdiyi “Neyləyək?” mahnısını zümzümə edib.
Bakıya ilk səfərindən və təəssüratlarından söz açan komediya ustası Xalq artisti Miri Yusifin konsertinə pandemiya səbəbindən gələ bilmədiyini vurğulayıb.
Cem Yılmaz gündəlik mövzulara toxunaraq, spontan zarafatları ilə zalı gülüşə boğub.
O, gecəboyu aktyor Erkin Erginlə zarafatlaşıb, onun stand-up konsertindən söz açıb.
Cem Yılmaz Xalq artisti Murad Dadaşov və Əməkdar artist Dilarə Əliyeva ilə də görüşüb, onlarla xatirə şəkli çəkdirib.