“Torpaqlarını azad eləmək üçün müharibəni başlamaq asan məsələ deyil. Mən bu qətiyyəti 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevdə gördüm”.
OLAY News24.az-a istinadən yazır ki, bu sözləri hüquq elmləri doktoru, professor İlham Rəhimov RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin qonağı olarkən tanınmış yazıçı və hüquqşünas Müşfiq Abbasova müsahibəsində deyib.
Onun sözlərinə görə, əvvəla, buna dünyanın necə qiymət verəcəyini fikirləşməlisən.
“Birincisi, baxmayaraq ki, ədalətli hərəkət edib, öz torpaqlarını azad edirsən. İkincisi, sən hələ bilmirsən, nəticə necə olacaq? Bunların hamısından sənin özünün taleyin asılıdır. Qərar verirsənsə, bunların hamısını nəzərə alırsan və bütün məsuliyyəti öz boynuna götürürsən.
Prezident İlham Əliyev o zaman çox cəsarətli hərəkət göstərdi və öz iradəsini nümayiş etdirdi. Bütün məsuliyyəti öz üzərinə götürdü.
Tarixdə elə olub ki, hər bir dövlət başçısı məsuliyyəti öz boynuna götürə bilməyib.
Əməliyyata başlamaq üçün hər şeyi nəzərdən keçirirsən, hər şeyi nəzərə alırsan, hər şeyi fikirləşirsən və bundan sonra məsuliyyəti boynuna götürürsən. Prinsip etibarı ilə böyük riskə gedirsən. Ona görə ki, nəticənin necə olacağını bilmirsən. Bilmirsən, buna necə qiymət verəcəklər? Ümumiyyətlə, bilmirsən, nəticə necə alınacaq, proseslər necə gedəcək? Orada dövlət başçısına məsuliyyəti boynuna götürmək tələbi lazımdır. İradə lazımdır ona”, - İlham Rəhimov bildirib.