“Bizim son bir ildə həm “Instagram” səhifəmizdə həm də “YouTube” kanalımızda çox böyük problemlər yaranıb. “Instagram” əlimizdən alınırdı. Güc-bəla ilə saxladıq. O qədər şikayətlər gəlir. Səhifədə 6 yaşıl “quş” işarəsi olmalıdır. Bizdə isə onun 4-ü sarı idi. Cəmi 2 yaşıl “quş” qalmışdı. Belə olan halda isə səhifəmiz silinirdi. 6 aydan çoxdur ki, “Instagram” səhifəmizdə yaranan bu çətinlikləri aradan qaldırmaq üçün işlər görüldü, müraciətlər edildi. Bir neçə gündür ki, səhifəmizi bərpa edə bilmişik”.
OLAY yazır ki, bu sözləri müğənni Sevil və Sevinc Səfərova bacıları qonaq olduqları “Xəbərin var?” maqazin verilişində deyib.
Əkiz bacılar bildiriblər ki, onların işlətdiyi 3 milyonluq “Instagram” səhifələrinə və “YouTube” kanalırı bağlanmaq təhlükəsi ilə üzləşib:
“Biz “Instagram” səhifəmizdə özümüzdən başqa heç kimi paylaşmırıq. Amma səhifəmizə çoxsayda şikayətlər gəlir. Biz səhifədə çox reklam paylaşmırıq. Bunu da hamı bilir. Daha çox “reels”lər paylaşırıq. Səhifəmizə gələn şikayətlərin nədənini bilmirik. Bizim səhifə bu müddət ərzində çox insanın qabağına çıxmırdı. Paylaşımlarımızı yalnız bizi izləyən insanlar görə bilirdi. Səhifəmiz “spam”da idi. Eyni şəkildə də “YouTube” kanalımız. Bilmirik bunu kimlər edir”.
Səfərova bacıları vurğulayıblar ki, onların duet ortağı Nurlan Təhməzlinin “YouTube” kanalı aylar əvvəl silinib:
“Bizim duet ortağımız, bəstəkar və müğənni Nurlan Təhməzlinin də “YouTube” kanalı 8-9 ay əvvəl ümumi şəkildə yerli – dibli silinib. Onunla birgə çəkdiyimiz bütün kliplər, baxış sayları və layihələrimizin yer aldığı kanal silinib. Yəgin ki, şikayətlər olunub, yoxsa “YouTube” şirkəti kanalımızı ümumi olaraq silməzdi. Buna görə də Nurlan nə yeni layihə edə bilir nə də ki efirlərə çıxa bilir. “YouTube”dakı kanal müğənninin “vizit kartı”dır. Bir insan kiminsə kanalını və ya səhifəsinə şikayət göndərəndə anlamalıdır ki, həmin şəxs kanala və səhifəyə illərini sərf edib. Biz “Instagram” səhifəmizdə izləyiciləri yığmaq üçün 10 ilimizi sərf etmişik. Bu 2 il ərzində çəkdiyimiz “Reels”lərin qiymətini saysam bəlkə də ev almışdıq. Bizim sosial şəbəkədə işlərimiz pis yöndədir. Amma inşallah ki, düzələr”.