Avroviziya təmsilçimiz Dilarə Kazımova dünyaca məşhur ulduz Castin Timberleykin repertuarına müraciət edib.
OLAY yazır ki, o, sənətçinin məşhur “What Goes Around...Comes Around” (Ətrafda nə gedir... Ətrafa gəlir) mahnısına unikal Azərbaycan versiyası hazırlayıb. Sözügedən bəstənin aranjimanı “Zoydi Label”a aiddir. Mahnının duyğusunu tamamlayan zərif kamança ifaları isə Nurəddin Tağıyevə məxsusdur.
Layihənin aranjimanında milli musiqi alətləri qatılaraq Azərbaycan çalarları əlavə edilib.
Kazımova ifası üçün kamera qarşısına da keçib. Ekran işi Bakıda lentə alınıb və sənətçi staylinqi üzərində özü və Jalə Bağırova çalışıb. Ekran işində Dilarədən əlavə, Kaman ifaçısı Nurəddin Tağıyev da yer alıb. Müğənninin klipdəki saç və makiyajı üzərində Jalə Bağırova çalışıb.
D. Kazımova mətbuata yaydığı açıqlamada bu layihənin səhnə fəaliyyətində ona böyük uğur qazandıracağına ümid bəslədiyindən də danışıb:
“İnanıram ki, yeni aranjimanda, yeni nəfəsdə olan bu ifam musiqisevənlər tərəfindən maraqla qarşılanacaq. Belə demək mümkündürsə, mahnıya yeni nəfəs gətirdim, yeni ruh verdim. Əlbəttə, bu addımla nə qədər böyük məsuliyyət daşıdığımın da fərqindəyəm. Castin Timberleyk kimi məşhur ulduzun repertuarına müraciət etmək sözsüz ki, bir ifaçıdan hədsiz cəsarət, özgüvən, istedad, musiqi duyumu tələb edir. Ümid edirəm və ən əsası, inanıram ki, yeni aranjimanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq”.
Qeyd edək ki, layihənin PR meneceri Elton Hacıyevdir Həm məna, həm də vizuallıq baxımından öz orijinallığı ilə seçilən videonu isə “Zerzibon Media” çəkib.