Fransa millisinin kapitanı Kilian Mbappe təcavüzdə ittiham olunub.
OLAY İsveçin “Expressen” nəşrinə istinadən yazır ki, bir müddət əvvəl İspaniyanın “Real Madrid” klubuna keçən 25 yaşlı futbolçu ilə bağlı araşdırma onun Stokholma iki günlük səfərindən sonra başlayıb.
Mənbənin sözlərinə görə, ötən həftə Kilian dostları ilə birlikdə İsveç paytaxtına gəlib. O, cümə axşamı restoran və gecə klubuna baş çəkib və ertəsi gün şəhəri tərk edib. Futbolçu cinayətin baş verdiyi “Bank Hotel”də qalıb.
Oktyabrın 12-də bir qadın cinsi zorakılıq qurbanlarına kömək etmək üzrə ixtisaslaşmış xəstəxanaya gələrək Mbappenin ona təcavüz etdiyini bildirib. O da polisə şikayət edib. Bazar ertəsi, oktyabrın 14-də hüquq-mühafizə orqanları araşdırma aparmaq üçün futbolçunun yaşadığı otelə gəlib.
Kilian Mbappe ona qarşı irəli sürülən ittihamları rədd edib. Onun fikrincə, bütün dünya mediası tərəfindən fəal şəkildə yayılan xəbər futbolçuya 55 milyon dollardan çox borcu olan Parisin “Paris Saint-Germain” klubuna qarşı məhkəmə iclaslarının başlaması ilə bağlıdır.