İnsan alverində və zorakılıqda təqsirləndirilən dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı - Şon Kombs) anası və altı övladı onun işi üzrə hazırlıq iclasında iştirak ediblər.
OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Ədliyyə binasının çıxışında ətrafa toplaşan insanlar sənətçinin qohumlarını fitə basıb.
Repçini dəstəkləməyə gələnlər 84 yaşlı anası Cenis Kombs və mərhum Kim Porterdən olan uşaqları - 26 yaşlı Kristian Kinq, 17 yaşlı əkizlər D'Lila Star və Cessi Ceyms və Diddi tərəfindən övladlığa götürülən, uşaqlıqdan böyüyən Kimin əvvəlki münasibətindən olan 33 yaşlı Kuinsi Braun, dizayner Misa Hilton Brimdən olan 30 yaşlı Castin Dior və Sara Çapmanla münasibətindən 18 yaşlı Şans olub.
İclasdan çıxarkən bütün uşaqlar əl-ələ verib, onlara yönələn qışqırıqlara reaksiya verməyiblər.
“Cenis, oğlun təcavüzkardır! O, həbsxanaya düşməyə layiqdir”, - deyə məhkəmənin ətrafında duran qəzəbli kütlə qışqırıb.
Bildirilib ki, məhkəmə başlamazdan əvvəl Diddinin qohumları qəzəbli kütlənin səs-küyü altında maşından düşərək məhkəmə binasına daxil olublar.
Əvvəllər oğlunun “canavar olmadığını” bildirən sənətçinin anası başını aşağı salmağa çalışıb və nifrətə heç bir reaksiya verməyib.
Qaldığı həbsxanadan şikayətçi olan Pi Diddi məhkəməyə həbsxana geyimində gəlib. O, gülümsəyib, vəkilləri qucaqlayıb və ailəsini gördüyünə sevinib.
Qeyd edək ki, insan alverində və seksual xarakterli zorakılıqda ittiham olunan repçinin məhkəməsi gələn il mayın 5-də olacaq. O vaxta qədər hər iki tərəfin vəkilləri sübutlar toplayacaq və son illərin ən səs-küylü işlərindən birinə hazırlaşacaqlar.