Xalq artisti və iş adamı Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçakın “YouTube”da yayımlanan “Diqqət: Sobçak” layihəsinə müsahibə verib.
OLAY yazır ki, sənətçi “Telegram”ın sahibi Pavel Durovun Azərbaycana səfərindən söz açıb.
Ağalarov bildirib ki, Durov səfəri zamanı Qarabağa gedib.
“Bilirəm ki, o, rayonlarda olub, hər yeri gəzib. Qarabağda olub. Yəni bütün ölkəni gəzib, göz gəzdirib. Bakıda bir neçə gün qalıb. Onun proqramı sərbəst idi. Mən yalnız 1 gün onunla oldum, burada deyildim. Bilirəm ki, o, restoranlarda istədiyi kimi nahar edib, sakit vaxt keçirib. Durovla tanışlığı olan dostum Hüseyn Həsənov (bloger) da burada idi. Çox ağıllı, tərbiyəli, savadlıdır. Onunla qısa müddət söhbət etdik. Tamamilə ümumi mövzulardan danışdıq”.
Qeyd edək ki, P.Durov Azərbaycana səfərindən sonra avqustun 24-də şəxsi təyyarəsi ilə gəldiyi Fransanın “Le Burje” hava limanında saxlanılıb. Avqustun 29-da Paris məhkəməsi Durovu 5 milyon avro müqabilində azadlığa buraxıb. Lakin ona Fransanı tərk etmək qadağası qoyulub. P.Durov bir sıra cinayətlərdə ittiham olunub, onu 10 ilədək həbs cəzası gözləyir.