Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin premyerası olub.
OLAY yazır ki, təqdimat mərasimində layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Heydər Əliyev və Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.
Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.
Filmin təqdimatı böyük maraqla qarşılanıb. Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Filmin rejissoru Zaur Qasımlı ekran əsərinin çəkilişlərinə göstərilən dəstəyə görə hər kəsə minnətdarlığını bildirib. O, ekran əsərinin çəkilişləri zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açıb və bu filmin Tağıyevin şəxsiyyətinə layiq bir iş olması üçün bütün güclərini səfərbər etdiklərini söyləyib.
Rejissor filmin ərsəyə gəlməsində göstərdiyi hərtərəfli dəstəyə görə Arzu Əliyevaya təşəkkür edib və yaradıcı heyət adından ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın tarix və mədəniyyətinin yaşadılmasına, təbliğinə mühüm töhfələr olan ekran əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Bu sırada “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmləri qeyd edə bilərik