WOW
WOW

Kürd agenti canlandıran aktrisadan açıqlama

Kürd agenti canlandıran aktrisadan açıqlama

Günlərdir X-də hədəf göstərilərək çirkin bir linç kampaniyasına məruz qalan aktrisa Melisa Sözen açıqlama verib.

OLAY yazır ki, sənətçi 2017-ci ildə Fransada  “Le Bureau des Legends” serialında kürd agentini canlandırmışdı. 7 il sonra, aktrisa ilə bağlı sosial mediada terroru dəstəklədiyi iddiası ilə çirkin bir linç kampaniyası başladılıb. Mövzuya 3 maddə ilə aydınlıq gətirən Melisa Sözen bunları yazıb:

“1 - Sözügedən serial gizli bir iş deyil. 2015-ci ildə çıxmış Fransanın ən məşhur polis serialıdır. 2 - Serialın mənim oynadığım mövsümü 2017-ci ildə yayımlanıb. Mən ikitərəfli agent rolunu canlandırırdım. 3 - Serialda hər hansı bir terror təşkilatının təriflənməsi yoxdur. Olsaydı, keçən 7 il ərzində artıq bunu eşitmiş olardınız.”

Aktrisa daha sonra edilən pis niyyətli paylaşımlar haqqında fikirlərini belə ifadə edib:

“25 ildir ki, aktrisalıq edirəm. Pis niyyətli tənqidlər, haqsızlıq, təhqir, yalan xəbərlər mənim təəssüf ki, böyüyərkən alışmalı olduğum şeylərdir. Buna görə də bu internet zorbalığı ilə dərim qalınlaşdığı bir dövrdə qarşılaşdım. Haqqımda atılan iftiralara əlbəttə boyun əymirəm. Amma yaşı kiçik, həyat təcrübəsi az olan və ya emosional olaraq həssas bir dövrdə olan insanların bu zorakılıqla mübarizə aparmağı demək olar ki, mümkün deyil. Yuxarıdakı üç maddə kifayət qədər açıqlayıcı olduğu halda, bu sətirləri bu zorakılıqla çətin mübarizə aparanlar üçün əlavə edirəm.

Təəssüf ki, informasiyanın doğruluğunu və haradan gəldiyini düşünmədən, yoxlamadan inanmaq bizim dövrümüzün ən böyük təhlükələrindən biridir. Linç mədəniyyəti də belədir... Bunun bir parçası olmayın, özünüzün və ətrafınızdakı insanların internet zorakılığı ilə emosional zorakılıq yaşamasına icazə verməyin. Mən buna icazə verməyəcəyəm.

Öz ağlımızı, bilgilərimizi istifadə etməyi, araşdırma aparmağı, doğru mənbələrdən istifadə etməyi və əvvəlcə dayanıb düşünərək hərəkət etməyi öyrənməliyik. Bu qəribə hadisədən hamımızın çıxaracağı dərs varsa, bu olsun.”