Yerli seriallarımız sosial mediada hər zaman tənqid edilir. Çox vaxt aktyor oyunu, ssenari, dialoqlar tənqid hədəfi olur. Çəkiliş komandası isə problemləri həm maddiyyatla, həm də senzura ilə əlaqələndirir.
Bəs, seriallarımızda nələr qadağandır? Niyə əcnəbi seriallardakı kimi təbiilik tam gözə çarpmır?
OLAY bu barədə araşdırma edib.
İlk dəfə seriallarımızı çəkən komandalara və televiziyaya Milli Televiziya və Radio Şurası, həmçinin, televiziyanın özü tərəfindən tərtib olunan qadağaları təqdim edir:
Seriallarımızda söyüşlər, məişətdə işlədilən vulqar ifadələr kəsilməlidir və ya səsi alınmalıdır.
Açıq-saçıq səhnələr, erotika, lüt qadın və kişi, öpüşmə görüntüləri efirə verilmir, ancaq yarıçılpaq kişinin görüntüsünün yayımlanmasına icazə var.
Açıq şəkildə görünən bütün elektronik cihaz və əşyaların, məişət əşyalarının, paltarların markaları, içki şüşələri blurlanır. Siqaret çəkmək də qadağalar siyahısındadır.
Söyüş mənasına gələn hərəkətlər də efirə verilmir.
Cizgi film və animasiyalarda cinsi münasibətləri qabardan səhnələr çıxarılır və ya sözlərin səsi alınır
Bu filmlər dublyaj olunarkən uşaqlara uyğun olmayan sözlər dublyaj olunmur, başqa ifadələrlə əvəz edilir.
Ölkə rəhbərliyinə, ölkənin birliyinə, xalqın və vətənin mənfəətinə, milli-mənəvi dəyərlərə, dini inanclara zidd və təhqiramiz sözlər, ifadələr bütün veriliş, film və seriallarda kəsilir.
Şəxslərə qarşı işlədilmiş təhqiramiz ifadə və sözlər, həmçinin hərəkətlər efirə verilmir.
Qanlı səhnələr ya blurlanır, ya da ümumiyyətlə, qanı əks etdirən maddələrdən istifadə olunmur.
Ssenaridə ailə institutunu zədələyən hadisələr, seksual və insest münasibətlər, sevişmə səhnələri isə qadağan edilib.