Çoxunuz sevgilinizdən ayrıldıqdan sonra depressiyaya düşürsüz. Günlərlə Türkiyə və Azərbaycanın "damar" mahnılarına qulaq asırsınız. Yaxud da ağlamalı film izləyib göz yaşı axıdırsınız.
Sonra da unutmaq üçün bəzən çox yeyirsiniz, bəzən də iştahınız ölür. Nəticədə bu kədər sizi ya öldürür, ya da süründürür.
Bəs bu nədən qaynaqlanır? Çünki çox bağlanırsınız.
Desək ki, bağlanmadan da münasibət qura bilərsiniz... Necə? Gəlin, münasibətlərinizi daha sağlam və xoşbəxt qura bilməyi öyrənək.
OLAY sizin üçün bağlanmadan sevgili olmağın yollarını araşdırıb.
Qayda bir!
Sadəcə anı yaşayın. Beyninizdə qurduğunuz ssenariləri, gələcəklə bağlı narahatlıqları bir kənara qoyun. Əlbəttə xəyallarınız ola bilər. Amma həmin anki xoşbəxtliyinizi qabaqlamağına icazə verməyin. Gələcəkdə nələrin yaşanacağını kimsə bilə bilməz. Nəticədə illərdir evli olan cütlüklər boşanır, Leylilər Məcnunlardan ayrıla bilirlər. Ona görə ehtimalları özünüzdən uzaqlaşdırın. Məsələn, dostlarınızı da çox sevirsiniz. Bəs onlara “Bir gün gedəcəksən” sualını verirsiniz? Təbii ki, yox. Sevgiliniz haqda da eyni fikirdə olun.
Qayda iki!
İşiniz-gücünüz olmayanda, özünüzə bir məşğuliyyət tapa bilməyəndə beyniniz boş qalır. Və müxtəlif ssenarilər yazmağa, narahat olmağa başlayırsız. Ona görə də özünüzə bir iş, ya da xobbi tapın, fikrinizi yayındırın. Boş qalanda yersiz problem yaradan o qədər kişi və qadın var ki...
Qayda üç!
Bütün bu cümlələri təkrar-təkrar eşidib, oxuduğunuzu, şablon olduğunu düşündüyünüzü anlayırıq. Amma bəzən şablonların da faydası var. Unutmayın ki, həyatda itirməkdən qorxduğunuz tək insan özünüz olmalısınız. Əvvəlcə öz həyatınızı, sağlamlığınızı, mənəvi aləminizi düşünməlisiniz. Kimsə sizin həyatınızda özünüzdən önəmli ola bilməz. Hamı kimi siz də bu həyatda bir dəfə yaşayırsınız.
Səndən ikinci dəfə olmayacaq. Yer üzündə təksən və həyat bir nəfəri düşünüb, ona bağlanıb, beynini onunla məşğul etmək üçün çox qısadır. Hər münasibətdə ən çox dəyəri özünüzə verib, ən çox özünüzü fikirləşməlisiniz. Təbii bunu hədsiz edib, eqoist olmayın.
Sizə xoşbəxtliklər!