WOW
WOW

Nazirlikdən sənət adamlarının etirazına cavab!

Nazirlikdən sənət adamlarının etirazına cavab!

Mədəniyyət Nazirliyi Azərbaycanda fəaliyyət göstərən kino istehsalçıları və kino sahəsində çalışan sənət adamlarının etirazına cavab verib. 

Bu barədə OLAY-a Nazirlikdən bildirilib:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara  həmin Qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir.

Sözügedən Qaydalarda qeyd olunan meyarlara uyğun filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan Nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist, dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər mütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılmışdır.

Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və həmin rəy əsasında müvafiq filmin reyestra daxil edilməsi və ona yayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbul edilib. Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı senzuranın tətbiqindən söhbət gedə bilməz”. 

Qeyd edək ki, aralarında Kamran Ağabalayev, Tural Əhməd və İlqarə Tosova kimi simaların da yer aldığı ümumilikdə 32 sənət adamı ekspert şurasının senzura tətbiq etdiyini bildirərək bəyanət yayıb.